Tehranda Əli Laricani və Qulamrza Süleymani ilə vida mərasimi keçirilib
"Press TV"-nin məlumatına görə, martın 18-də baş tutan vida mərasiminə minlərlə vətəndaş və rəsmi şəxs qatılıb
Tehranda ABŞ və İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində həlak olan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, "Bəsic" qüvvələrinin komandanı Qulamrza Süleymani və 84 hərbçinin dəfn mərasimi keçirilib. "Press TV"-nin məlumatına görə, martın 18-də baş tutan vida mərasiminə minlərlə vətəndaş və rəsmi şəxs qatılıb. Rəsmi Tehranın açıqlamasında bildirilir ki, Əli Laricani çərşənbə axşamı reallaşan hücum zamanı oğlu Mürtəza, müavini Əlirza Bayat, şuranın bir neçə üzvü və mühafizəçiləri ilə birlikdə həyatını itirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandan Süleymaninin də həmin gün həyata keçirilən birgə hava hücumlarında öldüyünü təsdiqləyib.
İran ordusunun komandanı Əmir Hatəmi Laricaninin qətlini pisləyərək Tehranın cavabının qətiyyətli olacağını bəyan edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə artıq qisas tədbiri olaraq İsrailin mərkəzi hissələrinə raket zərbələri endirdiyini açıqlayıb. Qeyd olunub ki, Laricani və Süleymani ABŞ və İsrail tərəfindən başladılan hərbi əməliyyatlarda öldürülən ən yüksək vəzifəli şəxslər sırasındadır.
Məlumata görə, fevralın 28-dən etibarən davam edən intensiv hücumlar nəticəsində ölkənin keçmiş ali dini lideri Əli Xamenei də daxil olmaqla, ümumilikdə 1300-ə yaxın insan həlak olub. İran tərəfi bu hücumlara cavab olaraq ABŞ hərbi qüvvələrinin yerləşdiyi İsrail, İordaniya, İraq və Körfəz ölkələrindəki hədəfləri atəşə tutub. Regiondakı gərginlik ciddi insan tələfatı və infrastrukturun dağılması ilə yanaşı, qlobal bazarlara və beynəlxalq uçuşlara da mənfi təsir göstərib.