Zeynəb Sönməz Avstraliyada keçirilən tennis turnirində növbəti mərhələyə yüksəlib

Tribunalardakı Türkiyə azərkeşlərinin dəstəyini görmək idmancını çox sevindirib

By
Zeynəb Sönməz Avstraliyada keçirilən tennis turnirində növbəti mərhələyə yüksəlib / Reuters

Türkiyənin nümayəndəsi tennisçi Zeynəb Sönməz yanvarın 21-də (bu gün) coşqulu azarkeşlər önündə Avstraliyada keçirilən tennis turnirində uğurlu çıxışını davam etdirərkən, indiyədək belə bir atmosfer yaşamadığını bildirib.

Dünya reytinqində 112-ci pillədə qərarlaşan və seçmə mərhələləri keçən Z.Sönməz macarıstanlı tennisçi Anna Bondarı 6-2, 6-4 hesabı ilə məğlub edərək üçüncü turda qazaxıstandan Yuliya Putintseva ilə qarşılaşmaq hüququ qazanıb.

İstanbulda anadan olan 23 yaşlı Zeynəb Sönməz turnirin açılış görüşündə 11 nömrəli tennisçi Yekaterina Aleksandrovanı məğlub edərək Melburnda ikinci tura yüksələn ilk türk qadın tennisçi kimi tarixə düşüb.

“Türkiyədən bu qədər çox azarkeş görmək məni çox sevindirdi və özümü evimdəki kimi hiss etdim”, – deyən Z.Sönməz 74-cü pillədə qərarlaşan A.Bondar üzərində qazandığı inamlı qələbə zamanı tribunalarda bayraq dalğalandıran həmvətənlərinin onu böyük coşqu ilə dəstəklədiyini bildirib.

O əlavə edərək deyib: “Başlanğıcda bir qədər həyəcanlı idim, sonra yəqin ki, uyğunlaşdım. Meydançada özümü çox yaxşı hiss etdim. Dəstəyi açıq şəkildə hiss edirdim və sanki hamımız birlikdə oynayırdıq.”

Z.Sönməz ötən il “Uimbldon” turnirində də tarixə düşərək Açıq Dövr ərzində “Böyük Dəbilqə” turnirində üçüncü tura yüksələn ilk türk tennisçi olmuşdu və bununla da Türkiyə tennisini dünyaya tanıtmışdı.

Həmin turnirdə də böyük azarkeş dəstəyi aldığını xatırladan Z.Sönməz bu dəfə dəstəyin daha güclü olduğunu deyib: “(Uimbldonda) da çox adam var idi, burada da ilk turda kifayət qədər azarkeş vardı. Amma bu gün keçirdiyim hissləri heç vaxt yaşamamışdım.”

2024-cü ildə Meksikada karyerasında yeganə “WTA” çempionluğunu qazanan Z.Sönməz türkiyəli azarkeşlərin güclü dəstəyi qarşısında “öz fikirlərimi belə eşidə bilmədiyini” deyib. O, Türkiyədəki tennissevərlərin səhər tezdən oyanaraq onu televiziya qarşısında izlədiklərini bilməyin də özünə əlavə motivasiya verdiyini vurğulayıb.

“Onların məni dəstəklədiklərini bilirəm. Məni izlədiklərini bilirəm. Saat təxminən 03.00 idi və bir çox insanın yalnız məni izləmək üçün oyandığını bilirəm”, – deyə türk qadın tennisçi Zeynəb Sönməz bildirib.