DÜNYA
2 dəqiqə oxuma
Kolumbiya "Clan del Golfo" təşkilatı ilə sülh danışıqlarına başlayıb
Danışıqlar sentyabrın 18-də Qətərin paytaxtı Dohada başlayıb
Kolumbiya "Clan del Golfo" təşkilatı ilə sülh danışıqlarına başlayıb
/ AA
19 sentyabr 2025

Kolumbiya hökuməti ölkənin ən böyük və ən güclü cinayət təşkilatı olan "Clan del Golfo" ilə sülh danışıqlarına başladığını elan edib.

Danışıqlar sentyabrın 18-də Qətərin paytaxtı Dohada başlayıb. İlkin mərhələdə tərəflər arasında qarşılıqlı etimadın qurulması və təşkilatın ən fəal olduğu üç bölgədə pilot layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.

Kolumbiya nümayəndə heyətinin rəhbəri Álvaro Ximénez və "Clan del Golfo"nu təmsil edən Luis Armando Perez danışıqların başladığını elan edən birgə bəyanat imzalayıblar.

Kolumbiya Sülh Komissiyasının yaydığı açıqlamada bildirilir ki, bu proses çərçivəsində ilk addım olaraq silahlı qrup mülki əhalinin, xüsusilə də uşaqların hüquqlarına hörmətlə yanaşacağına söz verib.

Bəyanatda həmçinin beynəlxalq humanitar hüquqa sadiqlik vurğulanıb və "Clan del Golfo"nun 2026-cı ildə Kolumbiyada keçiriləcək seçkilərə müdaxilə etməyəcəyinə dair təminat verdiyi qeyd olunub.

Yerli medianın məlumatına görə, "Clan del Golfo" qruplaşmasının hazırda təxminən 6,000–9,000 silahlı üzvü var.

Qrup bu ilin fevralın 17-də Seqoviya (Antiokiya vilayəti) kəndi yaxınlığında həyata keçirilən və dörd əsgərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşıyır.

Son aylarda Kolumbiya ordusu tərəfindən qruplaşmaya qarşı keçirilən əməliyyatlar zamanı külli miqdarda kokain və silah ələ keçirilib.

Qruplaşmanın keçmiş lideri, “Otoniel” ləqəbi ilə tanınan Dairo Antonio Usuqa David 2021-ci il oktyabrın 23-də Antiokiya vilayətinin Uraba bölgəsində keçirilən genişmiqyaslı əməliyyat nəticəsində saxlanılıb. Əməliyyata 22 helikopter və 650 polis və hərbçi cəlb edilib.

Otoniel daha sonra Boqotadakı Dijin həbsxanasından ABŞ-a ekstradisiya edilib və şəxsi təyyarə ilə Nyu-Yorkun Bruklin şəhərindəki federal həbsxanaya köçürülüb.