Sızdırılan görüntülərə əsasən, hakerlər İran dövlət televiziyasının peyk yayımlarına müdaxilə edərək sürgündəki "vəliəhd şahzadə" Rza Pəhləvini dəstəkləyən videolar yayımlayıblar. Yanvarın 18-də baş verən kiberhücum zamanı həmçinin təhlükəsizlik qüvvələrinə ünvanlanmış kəskin çağırışlar yer alıb. Görüntülərdə İran polisi forması geyinmiş şəxslərin simulyasiya edilmiş kadrları fonunda "silahlarınızı xalqa tuşlamayın, azadlıq uğrunda millətə qoşulun" mesajı nümayiş etdirilib. Bu hadisə ABŞ Prezidenti Donald Trampın İran üçün yeni "qırmızı xətlər" təyin etməsindən və bölgədə hərbi hərəkətliliyin artmasından sonrakı gərgin dövrə təsadüf edir. Xüsusilə ABŞ təyyarədaşıyan gəmisinin Malakka boğazı vasitəsilə Yaxın Şərq istiqamətinə hərəkət etməsi fonunda baş verən bu kiber müdaxilə diqqəti cəlb edir.
‘‘Starlink’’ peykləri vasitəsilə internet məhdudiyyətlərini aşan şəxslərin paylaşımları kiberhücumun eyni vaxtda bir neçə kanalda baş verdiyini təsdiqləyir.
Bazar günü baş verən bu hadisə İranın dövlət yayımına edilən ilk müdaxilə deyil. Belə ki, 1986-cı ildə “The Washington Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Pəhləvinin tərəfdarlarına İran İslam Respublikasına məxsus iki stansiyanın siqnallarını 11 dəqiqəlik gizli yayım üçün ələ keçirməyə imkan verən “miniatür televiziya ötürücüsü” təqdim etdiyini yazmışdı.
1979-cu il İran inqilabından əvvəl ölkəni tərk etmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi etirazçıları yanvarın 8-də küçələrə çıxmağa çağırıb. Bununla belə, Pəhləvinin İran daxilindəki real dəstək səviyyəsi hələ də müzakirə mövzusu olaraq qalır.












