Türkiyə İsrailin Əl-Əqsa məscidində namaz qılmaq istəyən müsəlmanlara müdaxiləsini pisləyib

Rəsmi "NSosyal" platformasında paylaşım edən Burhanəddin Duran bildirib ki, birlik, sülh və qardaşlığın rəmzi olan Ramazan bayramında dinc sakinlərin ibadətinə mane olmaq həm dini azadlıqların, həm də insan ləyaqətinin kobud şəkildə pozulmasıdır

By
Türkiyə İsrailin Əl-Əqsa məscidində namaz qılmaq istəyən müsəlmanlara müdaxiləsini pisləyib / Reuters

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran İsrail qüvvələrinin Ramazan bayramında işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidində namaz qılmaq istəyən müsəlmanlara müdaxiləsini kəskin şəkildə qınayıb.

Rəsmi "NSosyal" platformasında paylaşım edən Burhanəddin Duran bildirib ki, birlik, sülh və qardaşlığın rəmzi olan Ramazan bayramında dinc sakinlərin ibadətinə mane olmaq həm dini azadlıqların, həm də insan ləyaqətinin kobud şəkildə pozulmasıdır. O, beynəlxalq hüququ və mənəvi dəyərləri heçə sayan İsrailin bu addımını "vəhşilik" adlandıraraq, bunu ölkənin utancverici tarixinə əlavə olunan yeni bir səhifə kimi qiymətləndirib.

B.Duran həmçinin vurğulayıb ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Əl-Əqsa məscidinin statusuna və müqəddəsliyinə qarşı yönələn bütün qanunsuzluqlara qarşı öz qətiyyətli mövqeyini qoruyacaq.

Qeyd edək ki, İsrail hakimiyyəti İranla bağlı təhlükəsizlik məhdudiyyətlərini bəhanə gətirərək Əl-Əqsa məscidində bayram namazının qılınmasını qadağan edib.

Buna baxmayaraq fələstinlilər Ramazan ayının başa çatması münasibətilə Köhnə Şəhər ətrafında toplaşaraq namazlarını məscidə mümkün qədər yaxın ərazilərdə qılmağa çalışıblar.