Türkiyə XİN rəhbəri H.Fidan Yaxın Şərqdə davamlı sülhə çağırış etdi

H.Fidan regionda sülhün əhəmiyyətini vurğulayıb və ABŞ–İran atəşkəsinin davamlı sülhə çevriləcəyinə ümid etdiyini bildirib

By
Türkiyə XİN rəhbəri H.Fidan Yaxın Şərqdə davamlı sülh çağırışı etdi / Reuters

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan aprelin 17-də Antalya Diplomatiya Forumunda çıxışı zamanı aprelin 8-də ABŞ ilə İran arasında əldə olunmuş 14 günlük atəşkəs məsələsinə toxunub. Nazir H.Fidan Vaşinqton–Tehran danışıqlarının ilk mərhələsinin İslamabadda uğursuz başa çatmasından sonra prosesin yenidən başlanmasına yönəlmiş səylərə toxunaraq, atəşkəsin tam icra olunacağına və bu prosesin davamlı sülhə çevriləcəyinə səmimi ümid bəslədiyini bildirib.

H.Fidan dünyanın hər gün çoxşaxəli təhdidlərlə üz-üzə qaldığını qeyd edərək deyib: “Qeyri-müəyyənlik və böhran artıq dövrümüzün müəyyənedici xüsusiyyətlərinə çevrilib.”

Ötən ilin mövzusunun Qəzzada davam edən soyqırım və onun dünya üzrə təsirlərinə həsr olunduğunu xatırladan H.Fidan bildirib ki, builki mövzu İranda gedən müharibə və bunun qlobal nəticələridir.

Nazir əlavə edərək deyib: “Beynəlxalq sistemə vurulan dərin zərbə və davam edən eskalasiya regionumuzu son dövr tarixinin ən ciddi sınaqlarından biri ilə üz-üzə qoyub. Bu prosesdə bəşəriyyət ağır bədəl ödəyərək bir daha müharibənin qalibinin olmadığını dərk edib. Şübhəsiz ki, bu müharibədən çıxarılmalı tarixi dərslər var və bunlar bütün tərəflər, ilk növbədə isə region ölkələri tərəfindən mənimsənilməlidir.”

ABŞ–İsrail ilə İran arasında iki həftəlik atəşkəsə töhfə verənləri, xüsusilə Pakistanın Baş naziri Şahbaz Şərifi yüksək qiymətləndirən H.Fidan münaqişənin əsas səbəblərinin diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.

Qəzzada başlayan soyqırım nəticəsində İsrailin genişlənmə siyasətinin dünya üçün “birbaşa” təhdid yaratdığını bildirən nazir H.Fidan həm regionda, həm də onun hüdudlarından kənarda davamlı sülh istəyənləri İsraili dayandırmağa çağırıb.

H.Fidan deyib: “Belə dəyərli fürsətdən dialoq və diplomatiya naminə istifadə etmək üçün bütün səyləri göstərməliyik. Əslində bu yanaşma Antalya Diplomatiya Forumunun əsasını təşkil edir – diplomatiyanı yenidən işlək vəziyyətə gətirmək. Bizim anlayışımıza görə diplomatiya alov daha da yayılmadan onu söndürmək iradəsidir. Qırılmış əlaqələri səbrlə bərpa etmək bacarığıdır. Düşmənçiliyin ölümcül mərhələyə keçməsinin qarşısını almaq cəsarətidir. Ortaq gələcək naminə minimum ortaq məxrəcləri qorumaq və genişləndirmək sənətidir. Başqa sözlə, diplomatiya gələcəyi formalaşdırmaqdır.”

Fidan bildirib ki, gələcəyin formalaşdırılması iki əsas sütuna əsaslanır. Birinci istiqamət qlobal institusional islahatlardır. O qeyd edib ki, beynəlxalq idarəetmə sistemi daha inklüziv, şəffaf və hesabatlı olmalıdır. Zəifləmiş və getdikcə legitimliyini itirən strukturların müasir böhranları idarə edə bilməyəcəyini vurğulayan H.Fidan əlavə edib ki, ədalətsiz beynəlxalq sistem münaqişələri yalnız gecikdirir və daha da dərinləşdirir.

O, sülh proseslərinin pozucu aktorların ixtiyarına buraxılmamalı olduğunu, beynəlxalq ictimaiyyətin ortaq mənəvi və siyasi məsuliyyət daşımalı olduğunu bildirib. Qlobal rifahın daha ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayan nazir H.Fidan süni intellektin azsaylı aktorların əlində yeni dominantlıq alətinə çevrilməməsi barədə xəbərdarlıq edib. O qeyd edib ki, texnoloji inkişafdan bütün bəşəriyyət heç bir ölkə və ya region kənarda qalmadan faydalanmalıdır.

Regional çağırışlara toxunan H.Fidan ikinci forumun ikinci mövzusunun regionda davamlı sülh və rifahın təmin edilməsi üçün strateji addımların atılması olduğunu bildirib.

O, Rusiya–Ukrayna müharibəsini, İsrailin Qəzzadan Suriyaya, Livana və İrana qədər genişlənən hərbi fəaliyyətlərini, eləcə də “Afrika buynuzu” və Sudandakı qeyri-sabitliyi paralel böhranların dərinləşməsinin göstəricisi kimi təqdim edib.

XİN rəhbəri H.Fidan qeyd edib ki, Türkiyə etimada əsaslanan şəkildə bütün tərəflərlə danışa bilən və vasitəçilik rolunu yerinə yetirə bilən azsaylı ölkələrdən biridir.

O əlavə edib ki, Türkiyə bu böhranların yükünü və nəticələrini yaxşı dərk edir və regionda sabitliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

zamanda, etnik, mədəni və məzhəbi müxtəliflik birləşdirici dəyər kimi qəbul olunmalıdır. Daha güclü regional təhlükəsizlik əməkdaşlığı qurulmalı, qeyri-dövlət aktorlarından istifadəyə son qoyulmalıdır. Fələstində isə iki dövlətli həll istiqamətində irəliləyiş təmin edilməlidir. Fidan vurğulayıb ki, böhran dövrlərində atılan cəsarətli addımlar davamlı sülh və sabitliyi mümkün edir.