ABŞ-İran münaqişəsinin yenidən alovlanması və tədarük narahatlıqlarının artması ilə "Brent" markalı neftin qiyməti iyun ayından bəri ən yüksek səviyyəyə çatıb.
Vaşinqton və Tehranın qarşılıqlı hücumlarının Hörmüz boğazındakı hər hansı fasilənin qlobal enerji tədarükünə mənfi təsir göstərə biləcəyi narahatlığını artırması səbəbindən neft qiymətləri ötən həftə ərzində yüksəlib.
Qeyd edək ki, dünyada dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri məhz Hörmüz boğazından keçir.
Həm "Brent", həm də ABŞ-nin etalon nefti olan "West Texas Intermediate" (WTI) iyulun 10-da dörd faizdən çox bahalaşıb. "Brent" markalı neftin bir barelinin qiyməti 11 iyundan bəri ən yüksek göstəriciyə çataraq 91 dolları ötüb.
Qiymətlərdəki bu son artım ABŞ-nin İrandakı hədəflərə yeni zərbələr endirməsi və Tehranın ABŞ-nin Körfəzdəki hərbi obyektlərinə cavab hücumları təşkil etməsindən sonra baş verib.
Xam neft qiymətlərinin bahalaşması inflyasiyanın yüksək qala biləcəyi və faiz endirimlərini ləngidəcəyi ilə bağlı narahatlıqları yenidən alovlandırıb. Lakin bəzi analitiklər digər iqtisadi şərtlərin vəziyyəti tarazlıqda saxladığını bildirirlər.
"SPI Asset Management" əmtəə konsaltinq şirkətindən Stiven İnnes (Stephen Innes) deyib: "Bazar iştirakçıları bir daha eyni vaxtda bir-birinə zidd görünən iki fərqli ssenari üzrə əməliyyat aparmağa məcbur olurlar".
Yüksək neft qiymətlərinin bazarlara yeni bir geopolitik risk əlavə etdiyini deyən İnnes ABŞ-də inflyasiyanın enməsi və əmək bazarının zəifləməsi səbəbindən enerji şokunun daha geniş inflyasiya dalğasına səbəb olmasının az ehtimal olunduğunu vurğulayıb.
O əlavə edib ki, əsas böyük risk neft qiymətlərinin istehlak xərclərini azaldacaq və iqtisadi artımı ləngidəcək qədər uzun müddət yüksək səviyyədə qalması ola bilər.


















