D.Trampın Çinə səfəri İran müharibəsi səbəbilə 14–15 may tarixlərinə təxirə salınıb
D.Tramp ilin sonrakı aylarında Si Cinpin və onun həyat yoldaşını Amerikada qəbul edəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp İranla apardığı müharibə səbəbilə daha əvvəl keçirilməsi planlaşdırılan zirvəni təxirə saldıqdan sonra may ayında Pekində çinli həmkarı Si Cinpin ilə görüşəcəyini bildirib.
D.Tramp martın 25-də verdiyi açıqlamada, əslində mart ayının sonunda keçirilməsi planlaşdırılan və “tarixi əhəmiyyət daşıyan” səfəri səbirsizliklə gözlədiyini, həmçinin Si Cinpin və onun həyat yoldaşını ilin sonrakı aylarında Vaşinqtonda qəbul edəcəyini qeyd edib.
Məsələylə bağlı D.Tramp “Truth Social” platformasında açıqlama verərək deyib: “İrandakı hərbi əməliyyatımız səbəbilə təxirə salınan Çin Xalq Respublikasının hörmətli sədri Si Cinpin ilə görüşüm yenidən planlaşdırılıb və 14–15 may tarixlərində Pekində baş tutacaq.”
ABŞ prezidenti əlavə edib ki, ABŞ və Çin rəsmiləri tarixi Pekin və Vaşinqton səfərləri üçün hazırlıqları tamamlayıblar və bildirib: “Sədr Si ilə keçirəcəyim vaxtı səbirsizliklə gözləyirəm, əminəm ki, bu, çox mühüm bir hadisə olacaq.”
Qeyd edilir ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət əlaqələrinin yenidən tənzimləməsinə yönəlmiş zirvə görüşü 31 mart – aprel ayının ilk günləri arasında Pekində keçirilməsi nəzərdə tutulurdu. Lakin ABŞ-nin İranla davam edən müharibəsinə görə, görüş təxirə salınıb.
D.Tramp həmin dövrdə jurnalistlərə açıqlamasında bildirib: “Müharibə səbəbilə burada (ABŞ-də) olmaq istəyirəm, burada olmaq məcburiyyətindəyəm, bunu hiss edirəm. Bu səbəbdən təxminən bir ay təxirə salınmasını xahiş etdik.”
Xatırladaq ki, D.Tramp Çinə sonuncu dəfə 2017-ci ildə səfər edib. Bu, ABŞ prezidentinin Çinə etdiyi ən son səfər olub. D.Trampın bu dəfə planlaşdırılan səfəri liderlərin oktyabr ayında Cənubi Koreyada ticarət atəşkəsi ilə bağlı razılığa gəldikləri görüşdən sonra ilk üzbəüz təması olacaq.