Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfər çərçivəsində paytaxt Moskvada həmkarı Sergey Lavrovla görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə baş tutan görüşdən sonra tərəflər təşkil olunan birgə mətbuat konfransında çıxış ediblər.
Hakan Fidan Türkiyə ilə Rusiya arasındakı münasibətlərin qarşılıqlı etimada əsaslandığını və ikitərəfli əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb. Danışıqlar zamanı genişmiqyaslı mövzuların müzakirə olunduğunu bildirən Hakan Fidan artıq beşinci ilinə qədəm qoyan Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması arzusunu həmkarına çatdırdığını qeyd edib. O, Ankaranın bu istiqamətdə yeni danışıqlar raundlarına ev sahibliyi etməyə hazır olduğunu bir daha qeyd edib.
Regionda yaşanan digər gərginliklərə də toxunan nazir Hakan Fidan İran və Hörmüz boğazı böhranı ilə bağlı mühüm xəbərdarlıqlar edib. İran ilə ABŞ arasındakı razılaşma prosesində son imzalar atılana qədər çox həssas bir mərhələdən keçildiyini bildirən nazir, İsrailin hər hansı potensial təxribat cəhdlərindən qaçınmasının vacibliyini vurğulayıb. Hakan Fidan həmçinin qlobal ticarət və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edən Hörmüz boğazının müharibədən əvvəlki dövrdə olduğu kimi sərbəst və fasiləsiz gəmi keçidi üçün açıq qalmalı olduğunu qeyd edib.
















