Azərbaycan Prezidenti İlham Əliyev Bakıda təşkil olunan II Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.
Tədbirdə çxış edən ölkə başçısı sabit iqtisadiyyat ilə müstəqil maliyyə və iqtisadi sistemin əhəmiyyətinə diqqət çəkərək müxtəlif sahələri təmsil edən çoxlu sayda aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyünü qeyd edib.
İlham Əliyev deyib: "Son 20 ildə Azərbaycana təxminən 350 milyard dollar investisiya yatırılıb. Bu vəsaitin yarısını birbaşa xarici sərmayələr təşkil edir."
Uzunmüddətli və davamlı inkişaf üçün neft-qaz sektorundan kənar sahələrin potensialından istifadə edilməsinin vacibliyini vurğulayan Prezident bərpa olunan enerjinin bu baxımdan böyük imkanlara malik olduğunu bildirib.
Azərbaycanın Xəzər dənizi sektorunda 157 giqavatlıq enerji potensialının olduğuna diqqət çəkən İlham Əliyev bu göstəriciyə hazırda fəaliyyət gösterən günəş və külək elektrik stansiyalarının da əlavə edilməli olduğunu ifadə edib.
Dövlət başçısı vurğulayıb: "Məqsədimiz elektrik enerjisi istehsalında təbii qaz istehlakını mümkün qədər minimum səviyyəyə endirmək və bu ehtiyatı ixrac üçün istifadə etməkdir. Növbəti 5 il ərzində bərpa olunan enerji Azərbaycanın hər yerində olacaq."
Bərpa olunan enerjinin təkcə istehsaldan ibarət olmadığını, ötürmə və saxlama gücünün də inkişaf etdirilməsinin vacibliyini bildirən İlham Əliyev hazırda 250 meqavatlıq saxlama gücünə malik olduqlarını, bunun isə hələlik bir başlanğıc olduğunu diqqətə çatdırıb.
Azərbaycanın vacib elektrik enerjisi təchizatçısına çevrilməyi hədəflədiyini bildirən Prezident neft, təbii qaz, neft məhsulları, neft-kimya və gübrə ilə yanaşı, xüsusilə Avropa bazarına elektrik enerjisi ixrac etmək istədiklərini vurğulayıb.
İlham Əliyev deyib: "Xüsusilə Avropa bazarına elektrik enerjisi ixracı enerji təhlükəsizliyini, qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək."
Nəqliyyat və logistika iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir
İqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsinin logistika və nəqliyyat olduğunu vurğulayan dövlət başçısı uzun müddətdir bu sahədə işlərin aparıldığını bildirib.
Azərbaycanın fiziki infrastrukturu formalaşdırdığını, investorlar üçün daha aydın biznes mühiti yaratdığını və qonşu ölkələrlə əməkdaşlıq etdiyini ifadə edən Prezident ölkənin açıq dənizə çıxışının olmadığını xatırladıb. O, tranzit ölkəyə çevrilməyin birbaşa qonşularla münasibətlərdən asılı olduğunu vurğulayıb.
İlham Əliyev tranzit daşımaların inkişafı üçün dəmir yolları, dəniz limanları, hava yük daşımaları və avtomobil yollarına böyük həcmdə sərmayə qoyulduğunu xatırladıb.
Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal yer aldığını bildirən dövlət başçısı tranzit yük daşımalarında sürətli artımın müşahid olunduğunu qeyd edib.
İlham Əliyev deyib: "Azərbaycan ərazisindən tranzit yük daşınması bu il 16 milyon tona çatacaq. Məqsədimiz 2030-cu ilə qədər həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə bu göstəricini 25 milyon tona və hətta daha çox səviyyəyə çatdırmaqdır."
Azərbaycanın artıq təkcə Qafqaz ölkəsi kimi deyil, siyasi, iqtisadi və nəqliyyat baxımından Mərkəzi Asiya ilə də inteqrasiya edən bir ölkə kimi mövqe tutduğunu diqqətə çatdıran Prezident nəqliyyatın idarə olunması, rəqəmsallaşdırılması, gömrük inzibatçılığı və investorlar üçün açıq qaydaların ölkənin potensialını daha da gücləndirəcəyini bildirib.
Yeni ötürücü xətlər və dağ-mədən investisiyaları
Elektrik enerjisinin ixrac imkanlarının da mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkən İlham Əliyev yeni ötürücü xətlər üzərində işlədiklərini və mövcud xətləri genişləndirdiklərini bildirib. O, bunun gələcəkdə iqtisadi inkişafın əsas tərkib hissələrindən biri olacağını izah edib.
Dağ-mədən sənayesinin də böyük potensiala malik sahələrdən biri olduğunu vurğulayan Prezident bir neçə gün əvvəl bu sahədə dövlət proqramının qəbul edildiyini xatırladıb.
"Sazişlərin tək bir sözü belə dəyişdirilməyib"
Neft və təbii qaz sektorunun Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətini qoruyub saxlayacağını bildirən İlham Əliyev bu sahədən əldə olunan gəlirlərin yenidən investisiyaya yönəldilməsinə davam ediləcəyini diqqətə çatdırıb.
Azərbaycanın investorlar üçün etibarlı tərəfdaş olduğunu vurğulayan Prezident İ.Əliyev deyib: "Neft və qaz sektorunun inkişafına təkan verən investisiyalar və 30 il əvvəl imzalanmış müqavilələr tam şəkildə qorunur. Sazişlərin tək bir sözü belə dəyişdirilməyib və bu, investorları cəlb etməyimizdə əsas amillərdən biridir."
Manatın dollara nisbətdə məzənnəsi 2017-ci ildən bəri dəyişməyib
Azərbaycanın milli valyutasının sabit olduğunu vurğulayan İlham Əliyev bu barədə belə deyib: "2017-ci ilin aprel ayında 1 dollar 1,7 manat idi, bu gün də eynidir. Bu sabitlik davam edəcək, çünki ticarət balansımız müsbətdir."
Dövlət başçısı təhlükəsizliyin də investorlar üçün vacib şərtlərdən biri olduğunu bildirərək, Azərbaycanın təhlükəsiz ölkə olduğunu və cinayətkarlıqla bağlı vəziyyətin tam nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.























