Kanada Baş naziri Mark Karni 21-23 oktyabr tarixlərində Türkiyəyə səfər edəcək. Bu barədə Kanada Nazirlər Kabineti tərəfindən məlumat verilib.
Bəyanatda səfərin əsas məqsədi Kanada ilə Türkiyə arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirmək olduğu qeyd edilib. Həmçinin Ottava rəhbərliyi beynəlxalq tərəfdaşlıqlarının sayını artırmaq və Kanada şirkətləri üçün yeni imkanlar yaratmağa çalışdığı bildirilib.
M.Karninin Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirəcəyi görüşdə energetika, dağ-mədən sənayesi, iqlim, müdafiə, təhlükəsizlik və ölkələrarası əlaqələr sahələrində ikitərəfli münasibətlərin inkişaf yolları müzakirə olunacaq.
İstanbulda ticarət və sərmayə məsələləri ön plana çıxacaq
Səfər çərçivəsində M.Karni İstanbulda Türkiyə iş insanları nümayəndələri və investorlarla bir araya gələcək. Bununla da, Kanada dövləti Türkiyə ilə ticarət və sərmayə əlaqələrini genişləndirməyi hədəfləyir.
Kanada Nazirlər Kabinetinin verdiyi məlumata görə, iki ölkə arasındakı ticarət dövriyyəsi son beş ildə təxminən 50 faiz artıb.
M.Karni energetika, aviasiya və kosmonavtika, qabaqcıl texnologiyalar və dağ-mədən sənayesi sahələrində daha çox əməkdaşlıq imkanlarını gündəmə gətirəcək.
Qeyd edilir ki, Kanada hökuməti Türkiyəni NATO müttəfiqi və G20 üzvü kimi mühüm tərəfdaş olaraq görür.
















