2026-cı il Dünya Kuboku oyunu müddətində dördayaqlı robot itlər Meksika polisinin cinayətkarlıqla mübarizəsinə yardım edəcək. Meksikalı rəsmilər Monterreydə keçiriləcək oyunlar zamanı xidmət göstərəcək robot itlərin riskli ərazilərdə kəşfiyyat apararaq polisə canlı video ötürəcəyini açıqlayıblar.
Robot itlər təhlükəli bölgələrə daxil olaraq canlı görüntüləri təhlükəsizlik qüvvələrinə ötürəcək şəkildə hazırlanacaq. Futbol turniri zamanı təhlükəsizlik əməkdaşları bu görüntüləri izləyərək zəruri tədbirləri görə biləcəklər.
Bildirilir ki, Meksika, ABŞ və Kanada 11 iyun–19 iyul tarixlərində təşkil olunacaq turnirə ev sahibliyi edəcək. Monterrey şəhər ərazisində yerləşən və Dünya Kuboku oyunlarına ev sahibliyi edəcək Qvadelupe Bələdiyyəsi heyvanabənzər robotları 2,5 milyon peso (145 min dollar) müqabilində satın alıb.
Yerli idarəetmə orqanı tərəfindən yayımlanan videoda robotlardan birinin tərk edilmiş binada dörd ayaq üzərində hərəkət etdiyi və çətinliklə də olsa pilləkənləri qalxdığı müşahidə olunub.
Görüntülərdə robot itin arxasınca səssiz şəkildə irəliləyən bir qrup polis əməkdaşına canlı məlumat ötürdüyü də əks olunub. Nümayiş zamanı robot it silahlı bir şəxslə qarşılaşıb və səsucaldıcı vasitəsilə ona silahı yerə qoyması barədə xəbərdarlıq edib.
Qvadelupe şəhərinin meri Ektor Qarsiya robot itlərin məqsədinin polis əməkdaşlarına ilkin müdaxilə zamanı dəstək vermək və onların fiziki təhlükəsizliyini qorumaq olduğunu bildirib. O, həmçinin bildirib ki, robotlar hər hansı qarşıdurma vəziyyətində istifadəyə cəlb olunacaq.
Qeyd edək ki, turnir dövründə “Estadio Monterrey” adı ilə tanınacaq BBVA Stadionu dörd oyuna ev sahibliyi edəcək.












