ABŞ Prezidenti Donald Tramp süni intellektdən elmi kəşfləri sürətləndirmək üçün istifadə etməyi hədəfləyən “Genesis Missiyası”nın başlanmasına dair sərəncam imzalayıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.
Noyabrın 24-də yayımlanan sərəncamda süni intellektin qlobal texnoloji rəqabətin müəyyənedici sahəsi olduğu vurğulanıb və ABŞ-ın bu sahədə liderliyini qorumaq istədiyi qeyd olunub.
Sərəncamda deyilir: “Cümhuriyyətimiz yarandığı gündən bəri elmi kəşflər və texnoloji innovasiyalar Amerikanın tərəqqisinə təkan verib’’.
Sərəncama əsasən, Energetika Nazirliyi təşəbbüsə rəhbərlik edəcək və superkompüterlər, təhlükəsiz bulud sistemləri, süni intellekt modelləri və böyük elmi məlumat bazalarını birləşdirən inteqrasiya olunmuş Amerika Elmi və Təhlükəsizlik Platformasını yaradacaq.
Sərəncamda Energetika Nazirliyinə 90 gün ərzində bütün mövcud federal hesablama və saxlama resurslarını, o cümlədən sənaye ilə potensial tərəfdaşlıqları xəritələşdirmək tapşırılıb. Daha sonra Departamentin 120 gün ərzində istifadə olunacaq ilkin məlumat bazasını və süni intellekt modellərini müəyyən etməsi nəzərdə tutulur.
Departamentin platformanın ilkin əməliyyat qabiliyyətini 270 gün ərzində nümayiş etdirməsi gözlənilir.










