DÜNYA
4 dəqiqə oxuma
ÜST: Qəzzada tam fəaliyyət göstərən heç bir xəstəxana qalmayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmayer (Christian Lindmeier) İsrailin hücumları və blokadası altında olan Qəzzada...
ÜST: Qəzzada tam fəaliyyət göstərən heç bir xəstəxana qalmayıb
Qəzzada zərər görmüş Əl-Şifa xəstəxanası (Arxiv)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmayer (Christian Lindmeier) İsrailin hücumları və blokadası altında olan Qəzzada səhiyyə sisteminin tamamilə iflas etdiyini vurğulayıb.

Lindmayer İsrailin 2023-cü ilin oktyabrından bəri hücumlar təşkil etdiyi və blokadada saxladığı Qəzzadakı səhiyyə vəziyyətinin gəldiyi son nöqtə ilə bağlı sualları cavablandırıb.

Ümumi xətləri ilə baxıldıqda Qəzza zolağında bir çox ixtisas sahəsini əhatə edən və yüksək səviyyəli mütəxəssis müalicəsi tələb edən hallar üçün yalnız çox az sayda insanın xaricə göndərilməsinə ehtiyac duyulan işlək bir səhiyyə sisteminin mövcud olduğunu bildirən Lindmayer bunları deyib:

"Qəzzada yüksək təhsilli tibb bacıları və həkimlərə sahib, təhsil xidmətlərinin geniş şəkildə təqdim edildiyi və məsələn, 90 faizdən çox yüksək peyvəndləmə dərəcəsinə malik bir sistemdən hazırda gəlinən nöqtədə, mahiyyətcə iflas etmiş bir səhiyyə sisteminə keçildi. Hazırda köməyə möhtac təxminən 2,1 milyon insan var. 36 xəstəxanadan yalnız 19-u qismən xidmət göstərə bilir. Digərləri isə sıradan çıxıb. Deməli, Qəzzada hazırda tam mənası ilə fəaliyyət göstərən heç bir xəstəxana yoxdur".

Lindmayer köməyə möhtac 2,1 milyon nəfər üçün cəmi 3 mindən çox çarpayı tutumunun olduğunu, istifadəyə yararlı vəziyyətdə təxminən 100 intensiv terapiya çarpayısının qaldığını bildirib.

Təxminən 120 çarpayılıq doğum şöbəsi tutumunun olduğuna diqqət çəkən Lindmayer "Nəticədə sistem iflas edib və bu, həqiqətən kədərlidir, çünki Qəzza bir vaxtlar çox yaxşı fəaliyyət göstərən səhiyyə sisteminə malik idi", -deyə bildirib.

Lindmayer Qəzzadakı xəstələrə, uşaqlara, analara, atalara və əslində heç kimə ehtiyac duyduqları yardımı çatdıra bilmədiklərini deyib.

Yardım çatdırılması mövzusunda birdən çox problemin olduğuna diqqət çəkən Lindmayer bunları qeyd edib:

"Hər şeydən əvvəl, dağıdılmış sistem və yollarla yanaşı, təsdiq prosesində tıxaclar söz mövzusudur. Hazırda bir göndərişin (İsrail tərəfindən) təsdiqlənməsi üçün orta hesabla 74 gün, yəni 2,5 ay tələb olunur. Təsdiq alındıqdan sonra belə göndərişin yüklənməsi, sərhəddən keçirilib Qəzzaya çatdırılması və oradan da ehtiyac duyulan bölgələrə nəql edilməsi lazımdır. Əgər təsdiq çıxmazsa, prosesə ən başdan başlamaq məcburiyyətində qalırıq. Yəni eyni təsdiq üçün ikinci cəhdi etmək üçün yenə orta hesabla 74 günə ehtiyac duyulur".

Lindmayer kiçik dərman bağlamalarının təsdiq prosesinin daha qısa çəkdiyini və rədd edilmə nisbətinin daha az olduğunu vurğulayaraq, daha böyük cihazlar və laboratoriya avadanlıqlarının girişinin demək olar ki, ya heç təsdiqlənmədiyini, ya da təsdiq prosesinin çox uzandığını qeyd edib.

Mətbuat katibi Lindmayer, "Laboratoriya avadanlığınız yoxdursa, xəstəlik diaqnozu qoya bilməzsiniz. Bir epidemiyanın və ya xəstəliyin yayılmağa başlayıb-başlamadığını test edib müəyyənləşdirə bilməzsiniz. Sınmış bir sümük və ya daxili qanaxma kimi hallar üçün müayinə lazımdır. İşləyən bir cihazınız yoxdursa, xəstə əzab çəkə bilər, hətta Qəzzadan kənarda sadə bir müdaxilə ilə asanlıqla həll oluna biləcək bir problem ucbatından həyatını itirə bilər. Ən böyük problem məhz budur", -deyə bildirib.

Qəzzaya daxil ola bilən yük maşını və konteyner sayına baxıldığını, lakin bunların reallıqda kimlərə çatdığının diqqətə alınmadığını qeyd edən Lindmayer tibbi cihazların və ya ehtiyat hissələrinin yubanma ilə buraya çatmasının yüzlərlə insanın əbəs yerə həyatını itirməsinə səbəb olduğunu və bunun qətiyyən qəbul edilə bilməyəcəyini vurğulayıb.

Yardım yük maşınlarının Qəzzaya daxil olduqdan sonra belə son nöqtəyə çatmasının qarşısında dağıdılmış yollar, keçid Məntəqələri və davam edən hücumlar kimi maneələrin olduğunu qeyd edən Lindmayyer, yardımların Qəzzaya daxil olmasının hələ xəstəyə çatdıqları mənasına gəlmədiyini deyib.

Lindmayer Qəzzadakı yanacaq qıtlığının səhiyyə sisteminə təsir etdiyini qeyd edərək, hər şeydən əvvəl təcili tibbi yardım maşınlarının vəzifələrini yerinə yetirə bilmələri üçün yanacağa ehtiyac duyduqlarını bildirib.

"Qəzza enerji ehtiyacını tamamilə generatorlara, yəni ehtiyat güc mənbələrinə əsaslanaraq ödəyir"

Döyüşlərin çox erkən mərhələsində elektrik xətlərinin kəsildiyini xatırladan Lindmayer bunları deyib:

"Qəzza enerji ehtiyacını tamamilə generatorlara, yəni ehtiyat güc mənbələrinə əsaslanaraq ödəyir. Bir xəstəxananın gündəlik fəaliyyətini sürdürə bilməsi, yəni əməliyyatxanaları, doğum evlərini və müayinə cihazlarını işlətmək, binaları işıqlandırmaq və həkimlərin əməliyyatları baş fənəri ilə deyil, həqiqi bir işıqlandırma altında etməsini təmin etmək üçün böyük miqdarda yanacağa ehtiyacı var. Yanacağınız yoxdursa, bu sistemləri işlədə bilməzsiniz".

Lindmayer Qəzzada yanacaq olmadıqda təmiz suya çıxışın olmadığını və ehtiyac duyulan bir çox alətin işlədilə bilmədiyini qeyd edib.

Qəzzadakı çətinliklərdən birinin də tibbi təxliyələr olduğuna diqqət çəkən Lindmayer 2023-cü ilin oktyabrından bəri təxminən 14 min xəstənin təxliyə edildiyini bildirərək, bunu mümkün edən hər kəsə təşəkkür edib.

Lindmayer, "Hələ də təxliyə olunmağı gözləyən və uzun müddətdir bu gözləntidə olan minlərlə insan var. Üstəlik, vəziyyəti kritik olan bəzi xəstələr təxliyə edilə bilmir", deyib.

Qəzzadakı səhiyyə sistemini bərpa etməyin çətinliyinə diqqət çəkən Lindmayer "Sabah sülh bərqərar olsa və işə elə sabah başlasaq bile, hər şeyin yenidən qaydaya düşməsi illər alacaq", -deyə əlavə edib.