Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi iranlıların ona İsrailin ölkənin nüvə obyektlərinə hücumunun İranı nüvə silahı inkişaf etdirməyə yönəldə biləcəyi barədə xəbərdarlıq etdiyini bildirib.
Bu sözləri R. Qrossi “Jerusalem Post” xəbər saytı və “i24 News” televiziya kanalına verdiyi müsahibə zamanı bildirib. R. Qrossi deyib:“Açıq deyəcəm, bir hücum, İranın nüvə silahı hazırlamaq və ya Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən çıxmaq istəyini artıra bilər”.
Lakin “Jerusalem Post”un xəbərinə görə, R. Qrossi İsrailin rəsmi Tehranın nüvə obyektlərinə hücum edəcəyinə şübhə ilə yanaşdığını da qeyd edib.
İranın nüvə proqramının “əhatəli və dərin” olduğunu bildirən BAEA rəhbəri qeyd edib ki, bunları pozmaq üçün dağıdıcı və əzici güc tələb olunur.
Əks təklif
Xatırladaq ki, son vaxtlar rəsmi Tehran və Vaşinqton rəhbərliyi arasında Oman vasitəçiliyi ilə nüvə danışıqları aparılır.
İran Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi İsmayıl Baqai iyunun 9-da verdiyi açıqlamada bildirib ki, rəsmi Tehran ABŞ-ın “qəbulolunmaz” hesab etdiyi təklifinə cavab olaraq, Oman vasitəsilə ABŞ-a qarşı yeni bir nüvə sazişi təklifi verməyə hazırlaşır.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranla aparılan nüvə danışıqlarını poza biləcək addımlar atmaması ilə əlaqədar xəbərdarlıq etdiyi bildirib.
B. Netanyahu ilə keçirdiyi telefon danışığını “müsbət” qiymətləndirən D. Tramp “Biz dağıntı və ölüm olmaması üçün bir razılaşma əldə etməyə çalışırıq. Lakin işlər bu istiqamətdə davam etməyə də bilər. Tezliklə görəcəyik” deyib.
Qeyd edək ki, Donald Tramp və Benyamin Netanyahu arasında məsələ ilə bağlı əlavə telefon danışıqlarının olacağı gözlənilir.













