H.Fidan regiondakı vəziyyəti müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirib

Nazir H.Fidan Suriya, Qətər və Özbəkistan rəsmiləri ilə keçirdiyi görüşlərdə münaqişənin gedişatını müzakirə edib

By
H.Fidan regiondakı vəziyyəti müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirib / Reuters

Diplomatik mənbələrdən əldə olunan məlumata görə, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan regionda davam edən müharibənin gedişatını və onu dayandırmaq istiqamətində aparılan səyləri müzakirə etmək məqsədilə Suriya, Qətər və Özbəkistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb. Məsələ ilə bağlı məlumat Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verilib.

Açıqlamada bildirilir ki, H.Fidan Suriya xarici işlər naziri Əsəd Həsən əl-Şeybani, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani, həmçinin Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov ilə danışıb.

Keçirilən görüşlər zamanı fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə hücumu ilə başlayan müharibə fonunda regional münaqişənin gedişatı və toqquşmaların dayandırılması istiqamətində davam edən təşəbbüslər müzakirə olunub.

Xəbər verildiyi kimi, Tehran hakimiyyəti isə öz növbəsində İsraillə yanaşı, İordaniya, İraq və ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları ilə cavab verib. Bu vəziyyət insan tələfatına və infrastrukturun ciddi şəkildə zədələnməsinə səbəb olmaqla yanaşı, qlobal bazarları və aviasiya sektoruna da mənfi təsir göstərib.

Qeyd edək ki, nazir Hakan Fidan Yaxın Şərqdə davam edən müharibənin dayandırılması üçün intensiv diplomatik fəaliyyətini davam etdirir. O, İranın xarici işlər naziri Abbas Əraqçi ilə yanaşı, ABŞ və Avropa İttifaqı rəsmiləri də daxil olmaqla regiondakı həmkarları ilə çoxsaylı telefon danışıqları aparıb.