Volodimir Zelenski ABŞ ilə aparılan sülh danışıqlarının konstruktiv keçdiyini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə sülh planı ilə bağlı aparılan danışıqların konstruktiv, lakin asan olmadığını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə sülh planı ilə bağlı aparılan danışıqların konstruktiv, lakin asan olmadığını bildirib.
Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə telefon əlaqəsi saxlayıb. Onun bazar ertəsi Londonda Fransa, Britaniya və Almaniya liderləri ilə görüşəcəyi gözlənilir. V. Zelenskinin Brüsseldə də bir sıra görüşlər keçirməsi planlaşdırılır.
Zelenskinin gecə saatlarında yaydığı video müraciətdə bu fikirlər yer alıb: “Amerika nümayəndələri Ukraynanın fundamental mövqeyini başa düşürlər. Görüş konstruktiv keçsə də, asan olmayıb’’.
ABŞ-ın vasitəçiliyinə və ara-sıra baş tutan yüksək səviyyəli təmaslara baxmayaraq, sülh danışıqlarında irəliləyiş yavaş gedir. Kiyev üçün təhlükəsizlik zəmanətləri və Rusiyanın işğal etdiyi ərazilərin statusu ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.
Rəsmi Moskva danışıqlara açıq olduğunu bildirsə də, Kiyevi və Qərbi sülhə mane olmaqda ittiham edir. Ukrayna və onun müttəfiqləri isə Rusiyanın irəliləyiş əldə etməkdə çətinlik çəkdiyini və diplomatiyadan istifadə edərək mövqelərini möhkəmləndirməyə çalışdığını vurğulayırlar.
Avropa liderləri uzunmüddətli təhlükəsizlik zəmanətləri və davamlı hərbi yardımı əhatə edən mərhələli diplomatik prosesi dəstəkləyirlər.
Donald Tramp isə razılığın tez əldə olunmasına və məsuliyyətin ədalətli şəkildə bölüşdürülməsinə önəm verir.