ABŞ Cənubi Koreyaya 111,8 milyon dollar dəyərində silah satışı gerçəkləşdirib

Cənubi Koreya bölgədəki mümkün təhdidlərin qarşısını almaq və hərbi hazırlığını artırmaq məqsədilə ABŞ-dan 624 ədəd bomba alacaq

By
ABŞ dövləti Cənubi Koreyaya 111,8 milyon dollar dəyərində silah satışı gərçəkləşdirib / AFP

ABŞ Dövlət Departamenti Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin (Defense Security Cooperation Agency) dekabrın 5-də yaydığı açıqlamaya əsasən, Cənubi Koreyaya 111,8 milyon ABŞ dolları dəyərində silah satışını təsdiqləyib.

Agentliyin məlumatına görə, Cənubi Koreya əlavə olaraq 624 ədəd GBU-39/B tipli kiçik mənzilli bomba sifariş edib. Bu sursatlar qırıcı təyyarələr tərəfindən yerüstü hədəflərə yüksək dəqiqliklə buraxılır, tankları və sığınacaqları məhv etmək gücünə malik olması ilə yanaşı, yüksək dəqiqlikli idarəolunan silah kimi tanınır.

Agentlik bildirib ki, bununla da məqsəd Asiya-Sakit okean regionunda siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıyan müttəfiq Cənubi Koreyanın təhlükəsizliyini möhkəmləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləməkdir.

Qurum əlavə edib ki, bu bombalar Cənubi Koreyanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirəcək, bölgədə hərbi qarşıdurmadan çəkindirəcək və Koreya qüvvələrinin ABŞ ordusu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq.

Qeyd edək ki, sursatlar ABŞ-nin müdafiə sənayesi şirkəti “Boeing” tərəfindən istehsal olunacaq və satış çərçivəsində Cənubi Koreyada əlavə ABŞ hökumət əməkdaşı və ya podratçıya ehtiyac olmayacaq.