Polşa dövləti Moskva hökuməti adına işlədiyi iddia olunan iki Ukrayna vətəndaşını saxlayıb. Bildirilir ki, saxlanılan şəxslər dəmir yolu partlayışında günahlandırılır. Bu barədə Polşanın xarici işlər naziri Radeq Sikorski noyabrın 19-da verdiyi açıqlamada bildirilib.
Hadisənin ardınca ölkədəki sonuncu Rusiya konsulluğunun bağlanacağı elan edilib; qərar Kreml tərəfindən etirazla qarşılanıb. İnsident iki ölkə arasındakı onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirib.
Dövlət informasiya agentliyi PAP-ın verdiyi məlumata görə, R.Sikorski rəsmi Moskvanın dəfələrlə düşmənçilik fəaliyyəti davam edəcəyi təqdirdə diplomatik əlaqələrin pozulacağı barədə xəbərdar edildiyini bildirib.
R.Sikorski deyib: “Bu çərçivədə Qdanskdakı sonuncu Rusiya konsulluğunun fəaliyyət icazəsini geri çəkmək qərarına gəldim, və Rusiya bu barədə bir neçə saat ərzində rəsmi şəkildə məlumatlandırılacaq.”
Bununla da, Qdanskdakı konsulluq bağlandıqdan sonra Rusiyanın Polşada yalnız Varşavadakı səfirliyi qalacaq.
Kreml hökuməti öz növbəsində bu qərarı pisləyib və bunun iki ölkə arasındakı münasibətlərin tamamilə pisləşdiyinin göstəricisi olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın qərardan təəssüf hissi keçirdiyini bildirib və Polşanı “rusofobiya” nümayiş etdirməkdə ittiham edib.
D.Peskov deyib: “Polşa ilə münasibətlər tamamilə pozulub. Bu qərar yəqin ki, həmin pozulmanın təzahürüdür. Polşa hakimiyyətinin diplomatik münasibətləri sıfıra endirmək istəyi var. Burada yalnız təəssüf ifadə oluna bilər. Bunun sağlam düşüncə ilə heç bir əlaqəsi yoxdur.”
Qeyd edək ki, Polşa ilə Rusiya arasındakı münasibətlər Ukrayna müharibəsinin başlanmasından bəri kəskin şəkildə pisləşib. Rəsmi Varşava Avropada Kiyev hökumətinin ən güclü tərəfdarlarından birinə çevrilərkən, Moskva rəhbərliyini Polşanın təhlükəsizliyini sarsıtmağa cəhd etməkdə ittiham edir.














