AZƏRBAYCAN
4 dəqiqə oxuma
Bu gün 27 Sentyabr Anım Günüdür
Azərbaycanın qələbə qazandığı II Qarabağ müharibəsinin başlamasından 6 il ötür
Bu gün 27 Sentyabr Anım Günüdür
Azərbaycan bayrağı AP

2020-ci il 27 sentyabr – Ermənistan ordusunun mülki yaşayış məntəqələrinə törətdiyi hücumlar qarşısında Azərbaycan ordusunun genişmiqyaslı əks-hücuma başladığı tarixi gündür. Prezident İlham Əliyevin "Dəmir yumruq" adlandırdığı bu əməliyyat qısa müddətdə Vətən müharibəsinə çevrilərək 44 günün sonunda Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Bununla da 30 illik işğala son qoyuldu.

Azərbaycanın hərbi əməliyyatları illərlə aparılan, lakin heç bir nəticə verməyən danışıqların dayanması, Ermənistan silahlı qüvvələrinin artan təxribatları və İrəvan rəhbərliyinin təhdid dolu bəyanatlarından sonra zərurətə çevrildi.

Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk qrupu da 28 illik fəaliyyəti dövründə Qarabağ münaqişəsinin həllini təmin edə bilmədi. Prezident İlham Əliyevin dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsi çağırışına baxmayaraq, danışıqlar nəticəsiz qaldı. Bu səbəbdən Azərbaycan işğal altındakı torpaqlarını hərbi əməliyyat yolu ilə geri qaytarmaq məcburiyyətində qaldı.

Ermənistanın 1990-cı illərin əvvəllərində işğal etdiyi Qarabağ və ətraf 7 rayondan 1 milyona yaxın azərbaycanlı didərgin düşərək məcburi köçkün oldu. BMT Təhlükəsizlik Şurasının işğalın "dərhal və qeyd-şərtsiz dayandırılması" ilə bağlı qətnamələri isə illər boyu icra olunmadı.

 

İrəvan rəhbərliyinin təxribatçı bəyanatları müharibəni alovlandırdı

2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan sələflərinin işğalçılıq siyasətini davam etdirməklə yanaşı, "Qarabağ Ermənistandır" bəyanatı ilə bölgədəki gərginliyi daha da artırdı. Dönəmin müdafiə naziri Davit Tonoyanın "yeni torpaqlar üçün yeni müharibə" ifadəsi də Azərbaycanda böyük etiraza səbəb oldu.

Ermənistan ordusunun yalnız şifahi bəyanatlarla kifayətlənməyən addımları gərginliyi pik həddə çatdırdı. 12 iyul 2020-ci ildə Tovuz istiqamətindəki strateji mövqelərə edilən hücumun qarşısı Azərbaycan ordusu tərəfindən alındı. Lakin döyüşlərdə general-mayor Polad Həşimov qəhrəmancasına şəhid oldu.

General P.Həşimovun şəhadəti Azərbaycanda böyük ictimai dalğalanmaya yol açdı. Meydanlarda on minlərlə insanın iştirakı ilə yürüşlər keçirildi. İşğal altındakı torpaqların azad edilməsi əzmi və iradəsi daha da möhkəmləndi.

Azərbaycan ordusu bu ərəfədə hərbi təlimləri başladı. 2020-ci ilin avqust və sentyabr aylarında Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər reallaşdırıldı.

 

Qələbə xəbərlərini Prezident İlham Əliyev şəxsən elan etdi

Ermənistan ordusu 27 sentyabr 2020-ci il səhər saat 06:00 radələrində genişmiqyaslı hücuma keçərək təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini hədəf aldı. Ağır silahlardan açılan atəş nəticəsində dinc sakinlər və hərbçilər həlak oldu, mülki infrastruktura ciddi ziyan dəydi.

Bunun üzərinə Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Əməliyyatın elə ilk günündə 6 kənd və strateji yüksəkliklər işğaldan azad edildi. Prezident İlham Əliyev müharibə boyunca azad edilən ərazilərlə bağlı xəbərləri hər gün xalqa müraciətlərində və ya sosial şəbəkə hesablarında şəxsən açıqladı.

"Vətən müharibəsi" adı ilə tarixə düşən II Qarabağ müharibəsi 44 günün sonunda Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşdı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etdi. Azərbaycan 5 şəhər, 4 qəsəbə və 286 kəndi döyüşərək işğaldan azad etdi. Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan ordusu Kəlbəcər, Laçın və Ağdam rayonlarından da çıxarıldı.

 

Hər il 27 sentyabrda şəhidlərin xatirəsi ehtiramla anılır

Azərbaycan Vətən müharibəsində 2.908 şəhid verdi. Prezident İlham Əliyevin sərəncamı ilə 27 sentyabr "Anım Günü" elan olundu. Beləliklə, bu tarix Azərbaycanda həm zəfərin, həm də torpaqlarımız uğrunda göstərilən fədakarlığın rəmzinə çevrildi.

 

Müharibənin başlamasından 3 il sonra Qarabağda suverenlik tam təmin olundu

Müharibədən sonra Ermənistan bəzi hərbi birləşmələrini geri çəksə də, Qarabağdakı qanunsuz silahlı birləşmələri dəstəkləməkdə davam etdi. Bölgəyə gizli şəkildə minaların və hərbi sursatların daşınması səbəbindən Azərbaycan 23 aprel 2023-cü ildə Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsi qurdu.

19 sentyabr 2023-cü ildə qanunsuz erməni silahlıları tərəfindən basdırılmış minaların partlaması nəticəsində 4-ü polis olmaqla 6 Azərbaycan vətəndaşı həlak oldu. Bundan sonra Azərbaycan "antiterror əməliyyatı"na başlayaraq Qarabağda konstitusiya quruluşunu bərpa etdi.

24 saatdan az bir müddətdə bütün qanunsuz silahlı qruplar silahı yerə qoydu və bölgədəki qondarma rejim özünü ləğv etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın tam nəzarətinə keçdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərqərar olundu.

 

Azərbaycan sülh əlini uzatdı

Azərbaycan böyük zəfərdən sonra Ermənistana daimi sülh sazişi təklif etdi. İki ölkənin Xarici İşlər nazirlikləri arasında aparılan danışıqlarda mühüm irəliləyiş əldə olundu və tərəflər sülh sazişinin mətni üzrə razılığa gəldilər.

Saziş mətni 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli sammitdə paraflandı.

MƏNBƏ:TRT