ABŞ–İsrailin İrana qarşı hücumlarında ölənlərin sayı 926-ya yüksəlib
Həlak olanların 180-i uşaq, həmçinin 13 faizi qadın, 87 faizi isə kişidir
İran Səhiyyə Nazirliyi ölkədə ABŞ və İsrail tərəfindən birgə həyata keçirilən hücumlar nəticəsində həyatını itirənlərin sayının 926 nəfərə yüksəldiyini açıqlayıb.
Nazirliyin sözçüsü Hüseyn Kermanpur ölənlər arasında 180 nəfərin uşaq olduğunu, onların arasında Tehranda həlak olan bir yaşlı körpənin də olduğunu təsdiqləyib.
H.Kermanpur bildirib ki, 28 fevral – 4 mart tarixləri arasında yerli vaxtla saat 17:00-dək (13:30 GMT) həyata keçirilən hücumlar nəticəsində 6 min 186 nəfər yaralanıb.
Onun “X” platformasında yayımladığı açıqlamada qeyd olunur ki, yaralılardan 2 min 54 nəfər hazırda xəstəxanalarda müalicə alır.
Digər 3 min 545 nəfər müalicə olunaraq xəstəxanadan buraxılıb, 552 adama isə hadisə yerində tibbi yardım göstərilib.
H.Kermanpur əlavə edib ki, yaralılara indiyədək 502 cərrahi əməliyyat aparılıb.
İtkilərin bölgüsü
Nazirliyin məlumatına görə, ölənlərin 13 faizini qadınlar, 87 faizini isə kişilər təşkil edir.
H.Kermanpur bildirib ki, həyatını itirənlərdən 180 nəfəri 18 yaşdan aşağıdır və onların arasında beş yaşdan kiçik üç uşaq da var.
Ən azyaşlı həlak olan şəxs Tehranda həyatını itirən bir yaşlı uşaq olub.
Yaralananlar arasında isə 301 nəfər 18 yaşdan aşağıdır, 39 uşaq isə beş yaşdan kiçikdir.
Ən azyaşlı yaralı altı aylıq oğlan körpə, ən yaşlı yaralı isə 91 yaşlı kişi olub.
Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-dən etibarən İrana qarşı genişmiqyaslı hücumlarını davam etdirib. Yüzlərlə insanın öldüyü bu hücumlar zamanı İranın Ali lideri Əli Xamenei və yüksək rütbəli hərbi rəsmilərin də həyatını itirdiyi bildirilir.
İran isə buna cavab olaraq İsraili və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrini pilotsuz uçuş aparatları və raket hücumları ilə hədəf alıb.