ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyanla görüşündə Sudanda təcili humanitar atəşkəsə ehtiyac olduğunu vurğulayıb. Bu görüş paramilitar Çevik Dəstək Qüvvələrinə (RSF) silah təchizatının dayandırılması üçün addımlar atılmalı olduğu barədə edilən xəbərdarlıqlardan bir neçə gün sonra baş tutub.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, M.Rubio görüş zamanı Sudanda humanitar atəşkəsin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Sudan ordusu dəfələrlə BƏƏ-ni Çevik Dəstək Qüvvələrinə (RSF) silah və muzdlu döyüşçü göndərməkdə ittiham edib. BMT ekspertləri və bəzi ABŞ konqres üzvləri də bu iddiaları inandırıcı hesab ediblər.
Noyabrın 12-də jurnalistlərə açıqlama verən M.Rubio bildirib ki, rəsmi Vaşinqton toqquşmaları dayandırmaq üçün əlindən gələni edir. ABŞ Dövlət katibi deyib: “RSF-yə gedən silahların və dəstəyin qarşısının alınması üçün tədbir görülməlidir.”
BƏƏ-nin silah təchiz edən ölkələr arasında olub-olmadığı barədə sualı cavablandırarkən M.Rubio birbaşa ad çəkməkdən yayınsa da belə deyib: “Məsələdə kimlərin rol oynadığını bilirik. Sizə deyə bilərəm ki, bu məsələ hökumətimizin birinci dərəcəli gündəmindədi və müvafiq tərəflərə təzyiq göstərilir. Bunun dayanması lazımdır”.
M.Rubio həmçinin qeyd edib ki, əgər toqquşmaların sona çatmasına yardım edəcəksə, RSF-nin terror təşkilatı kimi tanınması ehtimalını istisna edilmir.
BMT araşdırma başlatdı, Türkiyə atəşkəs çağırışı etdi
Bu inkişaflar, BMT İnsan Hüquqları Şurasının noyabrın 14-də Şimali Darfurun paytaxtı əl-Faşirdə törədilən hüquq pozuntularını araşdırmaq üçün “faktaraşdırma missiyası” yaradılmasını yekdilliklə təsdiqləməsindən sonra baş verib. RSF-nin nəzarətinə keçmiş əl-Faşirdə törədilən cinayətlərdə məsul şəxslərin müəyyən edilməsi və ədalətə təhvil verilməsi üçün araşdırma qruplarına mandat verilib.
Türkiyə dövləti Cenevrədəki daimi nümayəndəsi Burak Akçapar vasitəsilə yaydığı açıqlamada, əl-Faşir və ətrafında toqquşmaların dərhal dayandırılmasını, mülki şəxslərə qarşı hücumlara son qoyulmasını və Darfurla Kordofanda zorakılıq genişlənərkən təhlükəsiz humanitar dəhlizlərin təmin edilməsini tələb edib.
Sudanda ümummilli səfərbərlik
Noyabrın 14-də Sudan Keçid Suverenlik Şurasının sədri Abdel Fəttah əl-Burhan orduda ümumi səfərbərlik elan edib və əli silah tuta bilən bütün sudanlıları Çevik Dəstək Qüvvələrinə (RSF) qarşı mübarizəyə qoşulmağa çağırıb.
Xalqa müraciətində əl-Burhan bildirib ki, isyançıları və onlara dəstək verənləri qəbul etməyəcək və RSF tərəfindən öldürülən mülki şəxslərin qanları yerdə qalmayacaq.
Abdel Fəttah əl-Burhan əlavə edib ki, sudanlılar qisas alacaqlar və müharibə yalnız üsyanın sona çatması ilə bitəcək. O həmçinin qeyd edib ki, üsyançı Çevik Dəstək Qüvvələri (RSF) silahlarını təhvil verməyənədək hər hansı vasitəçiliyi qəbul etməyəcəklər.














