Ərəb və İslam ölkələrinin XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə ediblər

Ərəb və İslam ölkələri İranın ballistik raket və PUA hücumlarını qətiyyətlə pisləyib

By
Ərəb və İslam ölkələrinin XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə ediblər / Reuters

Ərəb və İslam ölkələri İranın ballistik raket və PUA hücumlarını qətiyyətlə pisləyib. Martın 18-də Ər-Riyadda bir araya gələn Azərbaycan, Türkiyə, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri regionda artan gərginliyi müzakirə ediblər.

Nazirlər bu hücumların qonşu ölkələrdəki mülki əraziləri və mühüm infrastrukturu hədəf aldığını vurğulayaraq, belə hərəkətlərin heç bir halda haqlı sayıla bilməyəcəyini bəyan ediblər. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən dövlətlərin özünümüdafiə hüququnu bir daha təsdiqləyən tərəflər İranı hücumları dayandırmağa və gərginliyin azaldılması üçün diplomatiya yolunu seçməyə çağırıblar.

Nazirlər həmçinin Tehranı Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə mane olmamağa və Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyini pozmaqdan çəkinməyə çağırıblar. Bununla yanaşı, ərəb ölkələrindəki müxtəlif silahlı qruplaşmalara göstərilən maliyyə və hərbi dəstəyin dayandırılması tələb olunub. Livanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edən nazirlər, ölkədəki silahların yalnız dövlət nəzarətində olmasının vacibliyini qeyd ediblər. Toplantının sonunda İsrailin Livana qarşı hücumları və bölgədəki genişlənmə siyasəti də pislənilib.