H.Fidan: “Qəzzada beynəlxalq qüvvə ilə bağlı qeyri-müəyyənlik hələ də davam edir”

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, hərbi tərkib və komandanlıq mexanizmi hələ tam razılaşdırılmayıb

By
H.Fidan: “Qəzzada beynəlxalq qüvvə ilə bağlı qeyri-müəyyənlik hələ də davam edir” / Reuters

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtında keçirilən Doha Forumu 2025-də iştirak edib. Nazir dekabrın 6-da (bu gün) verdiyi açıqlamada qeyd edib ki, Qəzzada yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsi (ISF) ilə bağlı müzakirələr davam edir. Aparılan danışıqlara əsasən bu qüvvənin mandatı və fəaliyyət qaydaları müəyyən ediləcək.

Nazir bildirib ki, qüvvənin yaradılması məsələsində əslində böyük sual işarələri mövcuddur. Müzakirələr hələ də hansı ölkələrin bu strukturda təmsil olunacağı, komandanlığın necə təşkil ediləcəyi və ilk missiyanın nə olacağı kimi məqamlarda qeyri-müəyyənliyə görə davam etdirilir.

Türkiyə XİN rəhbəri deyib: “Minlərlə təfərruat və sual hələ də varlığını qoyub saxlamaqdadır. Hesab edirəm ki, ISF qüvvələrini yerləşdirdikdən sonra proses mərhələli şəkildə formalaşacaq.”

Nazir H.Fidan bildirib ki, qüvvənin ilk məqsədi fələstinlilər və israillilər arasında sərhəd xətti boyunca ayrılığı təmin etmək və toqquşma riskini azaltmaq olmalıdır.

Türkiyə atəşkəs razılaşmasının zəmanətçilərindən biri kimi çıxış edir. Lakin Tel-Əviv rəhbərliyinin rəsmi Ankara ilə münasibətləri Qəzzada davam edən müharibə səbəbi ilə kritik vəziyyətdə olduğundan İsrail hökuməti Türkiyəyə məxsus təhlükəsizlik qüvvələrinin ISF tərkibində yer almasına etiraz edir.

“Ukraynada, Qəzzada və Suriyada prosesin normallaşması üçün səylər göstərilir”, – deyən nazir H.Fidan bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən hazırkı vasitəçilik təşəbbüsləri böyük ölçüdə Türkiyənin məqsəd və maraqları ilə üst-üstə düşür.

Tədbirdə çıxış edən Hakan Fidan Suriya məsələsinə də münasibət bildirərək deyib ki, sözügedən ölkə daxilində müharibə başlayanda rəsmi Ankara “açıq qapı siyasəti” həyata keçirib: “Suriya böhranı ilk meydana çıxdığı vaxt biz bu siyasəti tədbiq etdik. Nəticədə çoxlu sayda suriyalı qaçqın müharibədən qaçaraq sərhədlərimizə üz tutdu. Bu siyasət humanitar hədəflərə xidmət etdi.”

Nazir H.Fidan Türkiyənin suriyalı qaçqınlara ev sahibliyi roluna diqqət çəkərək, Suriyanın sabitləşdirilməsi üçün beynəlxalq təşəbbüslərin koordinasiya olunmasının vacibiyyətini vurğuladı.

 

İsrailin “tam çıxışı” tələb olunur

İsrail–Fələstin münaqişəsində əsas vasitəçilərdən biri olan Doha rəhbərliyi Qəzza üzrə danışıqların həlledici mərhələdə olduğunu bildirərək təcili irəliləyişə çağırıb.

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Abdurrahman əl-Sani vurğulayıb ki, Qəzzada iki aya yaxındır qüvvədə olan atəşkəs razılaşmasının tam şəkildə reallaşması üçün İsrail qüvvələrinin işğal altındakı Fələstin ərazilərindən tam şəkildə çıxması vacibdir.

Şeyx Məhəmməd əl-Sani deyib: “Hazırda həlledici məqamdayıq. Bu vəziyyəti hələ tam atəşkəs hesab etmək olmaz. İsrail qüvvələri tam şəkildə geri çəkilməyincə və Qəzzada sabitlik təmin edilməyincə atəşkəs prosesi yekunlaşmış sayılmayacaq.”

 

Beynəlxalq Sabitlik Qüvvəsi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ tərəfindən dəstəklənən Qəzzada münaqişəyə son qoymağı hədəfləyən genişmiqyaslı planı təsdiq edib və müvəqqəti Beynəlxalq Sabitlik Qüvvəsinin (ISF) yaradılmasına tapşırıq verib.

2803–2025 saylı qətnaməyə əsasən, Sülh Şurasının və iştirakçı dövlətlərin keçid dövründə əməliyyat bölmələri yaratmasına icazə verilir.

Sabitlik tam təmin olunduqdan sonra İsrail hərbi qüvvələri bölgədən çıxarılacaq və Qəzza təhlükəsiz zona elan edilənədək mühafizə nəzarəti qüvvədə qalacaq.

Qüvvənin fəaliyyət müddəti iki ildən bir təqdim olunacaq hesabatlarla qiymətləndirilərək 2027-ci ilin sonunadək uzadılacaq.