Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yaydı
Prezident Ərdoğan oktyabrın 29-da yaydığı bəyanatda ölkə daxilində və xaricdə yaşayan vətəndaşları, Kiprdəki türkləri, həmçinin sevinclərini bölüşən bütün dost ölkələri Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yayıb.
Prezident Ərdoğan oktyabrın 29-da yaydığı bəyanatda ölkə daxilində və xaricdə yaşayan vətəndaşları, Kiprdəki türkləri, həmçinin sevinclərini bölüşən bütün dost ölkələri Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
R.T.Ərdoğan deyib: “Bu qürurlu gündə vətəndaşlarımızı, Kiprdəki türklәri və xaricdə yaşayan qardaş-bacılarımızı ürəkdən təbrik edirəm. Bu torpağı qanı və canı ilə vətənə çevirən qəhrəmanlarımızı hörmətlə yad edirəm’’.
R.T.Ərdoğan həmçinin Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkü və İstiqlal Müharibəsinə rəhbərlik edən Türkiyə Böyük Millət Məclisinin üzvlərini də ehtiramla yad edib.
Prezident vurğulayıb ki, Türkiyə həm güclü bir millət, həm də köklü ənənələrə malik bir dövlətdir. Dövlət başçısı bildirib ki, ölkənin birliyi, bütövlüyü və suverenliyi hər zaman qorunacaq.
Ərdoğan “Türkiyə Yüz ili” baxışının bir hissəsi olaraq müdafiə sənayesi, iqtisadiyyat, enerji və diplomatiya sahələrində mühüm irəliləyişlər əldə edildiyini qeyd edib və böyük, güclü və çiçəklənən Türkiyə hədəfinə doğru irəlilədiklərini vurğulayıb.
Prezident bildirib ki, hökumət 2023-cü ilin fevralında baş verən zəlzələlərdən zərər çəkmiş bölgələrin yenidən qurulması çərçivəsində ilin sonuna qədər 453 min yeni ev təhvil verəcək.
Ərdoğan Türkiyənin sülh və sabitliyə sadiqliyini bir daha təsdiqləyərək ölkənin “terrordan azad Türkiyə” məqsədinə doğru addım-addım irəlilədiyini və Qəzza ilə Fələstin də daxil olmaqla qlobal münaqişələrdə ədalət və insanlıq dəyərlərini müdafiə etməyə davam etdiyini bildirib.