Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin uğurla başa çatdığını bəyan edib. R.T. Ərdoğan keçirilən sammiti NATO-nun gələcəyini formalaşdıracaq tarixi bir görüş kimi qiymətləndirib. Sammitdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən R.T.Ərdoğan Türkiyənin 22 ildən sonra ikinci dəfə, paytaxt Ankaranın isə ilk dəfə NATO-nun dövlət və hökumət başçıları sammitinə ev sahibliyi etdiyini xatırladıb. Prezident bu kritik dövrdə keçirilən görüşün ortaq gələcəyə istiqamət verəcəyini vurğulayıb.
Sammitin ən diqqətçəkən mövzusu Türkiyəyə "F-35" qırıcılarının verilməsi ilə bağlı yaranan müsbət gözləntilər olub. R.T. Ərdoğan ABŞ Prezidenti Donald Trampın bu məsələdə Türkiyəyə qarşı müsbət yanaşma nümayiş etdirdiyini bildirib. Türkiyənin bu qırıcıları alacağına inandığını deyən R.T. Ərdoğan bildirib ki, "F-35"-lər təhvil veriləndə bütün dünya ABŞ-nin öz vədinə əməl etdiyini görəcək.
Dövlət başçısı həmçinin bildirib ki, Donald Tramp Türkiyənin yerli istehsalı olan "KAAN" milli döyüş təyyarəsi üçün "F-110" mühərriklərinin satışını dəstəkləyir. Son məlumatlara görə, D. Tramp administrasiyası artıq 700 milyon dollardan çox dəyəri olan bu müqavilə ilə bağlı Konqresi məlumatlandırıb.
Qlobal təhlükəsizlik məsələlərinə də toxunan Türkiyə lideri Ukrayna və Yaxın Şərqdəki müharibələrə son qoymaq üçün diplomatik addımların yenidən canlandırılmasının vacibliyini diqqətə çatdırıb. Ukraynadakı münaqişənin artıq beşinci ilinə qədəm qoyduğunu ifadə edən R.T. Ərdoğan Türkiyənin tərəfləri yenidən eyni masa arxasında toplamağa hazır olduğunu vurğulayıb.
R.T. Ərdoğan İsrailin Qəzzadakı hərbi əməliyyatlarını və zülmünü sərt şəkildə qınayıb. Regional sabitliyin qorunmasının önəmini qeyd edən Prezident Hörmüz boğazının bir döyüş meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyənin əlindən gələn hər şeyi etdiyini bildirib.


















