Dünya üzrə 400-dən çox müğənni və sənətçi, əsərlərini İsrail rəqəmsal platformalarından çıxarmağı hədəfləyən “incəsənət boykotu”na qoşulduqlarını açıqladı. Boykot Qəzzada fələstinlilərə qarşı davam edən soyqırıma etiraz xarakteri daşıyır.
“Haaretz” qəzetinin xəbərinə görə, “Soyqırımçılara musiqi yoxdur” şüarı ilə başlanan təşəbbüs sənətçiləri əsərlərini İsrail platformalarından çıxarmağa çağırır.
Boykota imza atanlar arasında Britaniyalı “Massive Attack” qrupu, Şotlandiyanın “Primal Scream” qrupu, ABŞ musiqi qrupu “Japanese Breakfast”, amerikalı müğənni-bəstəkar Kerol Kinq, yapon pop ulduzu Rina Savayama və danimarkalı sənətçi Karen Mari Ersted (MØ) kimi tanınmış adlar yer alır.
Kampaniya təşkilatçılarının açıqlamasında vurğulanıb ki, boykotun məqsədi “Sony”, “Universal” və “Warner” kimi böyük musiqi şirkətlərini də Rusiyanın Ukraynanı işğalından sonra atdıqları addımları təkrarlamağa və oxşar sanksiyaları İsrailə tətbiq etməyə məcbur etməkdir.
Açıqlamada deyilir: “İncəsənt tək başına atılan bombaları dayandıra bilməz. Lakin mədəniyyət, siyasi təzyiqi rədd etməyə, ictimai rəyi ədalət yönündə istiqamətləndirməyə və insanlığa qarşı cinayət törədən hər hansı bir ölkə və ya şirkətin sənət vasitəsilə normallaşdırılmasının qarşısını almağa kömək edə bilər.”
Qeyd edək ki, bu boykot kampaniyası İsrailin Qəzzaya hücumlarının davam etməsinə qarşı dünya üzrə keçirilən etiraz aksiyalarının, mədəni, idman və bədii tədbirlərin dalğasının bir hissəsi kimi qiymətləndirilir.

















