SİYASƏT
2 dəqiqə oxuma
İrana hücum edən ABŞ-nin raket ehtiyatlarının tükəndiyi bildirilir
Rəsmi Vaşinqton "Tomahawk" və "SM-3" raket ehtiyatlarının tükəndiyini etiraf edib
İrana hücum edən ABŞ-nin raket ehtiyatlarının tükəndiyi bildirilir
İrana hücum edən ABŞ-nin raket ehtiyatlarının tükəndiyi bildirilir / Reuters
2 saat əvvəl

CNN telekanalının yaydığı məlumata görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlar nəticəsində ABŞ-nin mühüm raket ehtiyatlarında azalma müşahidə olunur. Söhbət, xüsusilə “Tomahawk” quru hücum raketləri və “SM-3” tipli ballistik raket əleyhinə müdafiə raketləri də daxil olmaqla bir sıra mühüm raket sistemlərindən gedir.

Martın 2-də yayımlanan və ABŞ-nin yüksək vəzifəli rəsmisinə istinad edilən xəbərdə bildirilir ki, Vaşinqton rəhbərliyi yaxın 24 saat ərzində hücumların miqyasında böyük artım gözləyir. Bununla yanaşı, raket və ballistik raket əleyhinə müdafiə raketi ehtiyatlarının azaldığı qeyd olunur.

Həmin dövlət rəsmisi ilk hücumların İranın müdafiə sistemlərini zəiflətmək baxımından uğurlu olduğunu iddia edib. Növbəti mərhələdə isə İranın raket istehsalı müəssisələrinin, pilotsuz uçuş aparatlarının və dəniz qüvvələrinin hədəf alınmasının gözlənildiyi bildirilib.

Pentaqon həmçinin “Patriot” raketlərinin ehtiyatında da azalma ilə üzləşdiyi bildirilib. Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiya ilə dörd ildir davam edən müharibə ərzində bu ehtiyatların mühüm hissəsindən istifadə edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə açıqlamasında qeyd edib ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlar mühüm nəticələr verib və Oman körfəzində yerləşən 11 İran gəmisinin hamısı məhv edilib.

ABŞ prezidenti Donald Tramp İranın Ali dini lideri Əli Xamenei də daxil olmaqla 49 İran liderinin öldürüldüyünü iddia edib. ABŞ-a məxsus “B-2” tipli “stealth” bombardmançı təyyarələrinin də martın 1-də gecə saatlarında İranın gücləndirilmiş ballistik raket obyektlərini vurduğu bildirilir.

İran isə buna cavab olaraq ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumlar başlatmasından bəri təxminən altı ABŞ hərbçisinin öldüyü, 18 nəfərin isə ağır yaralandığı bildirilir.

MƏNBƏ:TRT