SİYASƏT
2 dəqiqə oxuma
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
Pekin ABŞ və Rusiya arasında qüvvədə olan nüvə silahlarına nəzarət sazişinin müddətinin başa çatmasının qlobal strateji sabitliyə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
Çin Xarici İşlər Nazirliyinin sözçüsü / Reuters
10 saat əvvəl

Pekin ABŞ və Rusiya arasında qüvvədə olan nüvə silahlarına nəzarət sazişinin müddətinin başa çatmasının qlobal strateji sabitliyə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edərək, Vaşinqtonu Moskva ilə dialoqu bərpa etməyə çağırıb.

Çin Yeni START (Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə) kimi tanınan nüvə silahlarına nəzarət sazişinin müddətinin bitməsindən təəssüf hissi keçirdiyini bildirərək, qlobal strateji sabitliyin qorunması məqsədilə ABŞ-ni Rusiya ilə aktiv danışıqlar aparmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian fevralın 4-də verdiyi açıqlamada qeyd edib ki, sözügedən saziş beynəlxalq nüvə tərksilahı mexanizminin qorunmasında mühüm rol oynayıb və onun qüvvədən düşməsi qlobal nüvə nizamına mənfi təsir göstərə bilər.

Lin Pekində jurnalistlərə açıqlamasında “Çin ABŞ və Rusiya arasında Yeni START Müqaviləsinin müddətinin başa çatmasından dərin təəssüf hissi keçirir. Bu saziş qlobal strateji sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır” deyib.

Nüvə silahları ilə bağlı narahatlıqlara münasibət bildirən Lin Çinin müdafiə xarakterli nüvə strategiyasına sadiq qaldığını və bu sahədə son dərəcə ehtiyatlı və məsuliyyətli siyasət yürütməyə davam etdiyini qeyd edib.

O, eyni zamanda, Pekinin nüvə silahından ilk istifadə etməmək siyasətini, habelə nüvə silahına malik olmayan dövlətlərə və nüvə silahsız zonalara qarşı nüvə silahından istifadə etməmək və ya bu cür istifadə ilə hədələməmək barədə qeyd-şərtsiz öhdəliyini bir daha təsdiqləyib.

Bu bəyanatlar Rusiyanın sazişin müddəti başa çatdıqdan sonra da həm Moskvanın, həm də Vaşinqtonun müqavilənin əsas məhdudiyyətlərinə əməl etməyə davam etməsi barədə irəli sürdüyü təkliflə eyni vaxta təsadüf edir.

Pekin Vaşinqtonu bu təşəbbüsə müsbət yanaşmağa və strateji sabitlik məsələləri üzrə Rusiya ilə dialoqu yenidən başlatmağa çağırıb.

Fevralın 4-də erkən saatlarda müddəti başa çatan Yeni START Müqaviləsi ABŞ və Rusiyanın strateji nüvə qüvvələrini məhdudlaşdıran son hüquqi baxımdan məcburi saziş idi. Müqavilənin qüvvədən düşməsi nəzarətsiz nüvə silahlanması yarışının yeni mərhələsinə keçid ehtimalı ilə bağlı narahatlıqları artırıb.

Yeni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (Yeni START) 8 aprel 2010-cu ildə Praqada ABŞ və Rusiya tərəfindən imzalanıb və 5 fevral 2011-ci ildə qüvvəyə minib.

ABŞ mərkəzli Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, bu saziş 2009-cu ilin dekabrında müddəti başa çatan 1991-ci il tarixli START I müqaviləsini əvəz edib, eyni zamanda Yeni START-ın qüvvəyə minməsi ilə 2002-ci il tarixli Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi də qüvvədən düşüb.