TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian regional gərginliyi müzakirə ediblər
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, dövlət başçıları regiondakı son gərginliyi və Türkiyə hava məkanına yönələn raket təhlükəsini müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian regional gərginliyi müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian regional gərginliyi müzakirə ediblər / AA
5 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, dövlət başçıları regiondakı son gərginliyi və Türkiyə hava məkanına yönələn raket təhlükəsini müzakirə ediblər.

Telefon danışığı Türkiyə Milli Müdafiə Nazirliyinin martın 10-da İrandan atılan ballistik raketin Şərqi Aralıq dənizindəki NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi barədə yaydığı açıqlamadan sonra baş tutub. Prezident Ərdoğan həmkarının diqqətinə çatdırıb ki, Türkiyənin hava məkanının pozulması heç bir halda qəbul edilə bilməz və rəsmi Ankara bu cür təhdidlərə qarşı bütün zəruri tədbirləri görmək əzmindədir.

Prezident Ərdoğan iranlı həmkarına Türkiyənin birbaşa tərəf olmadığı münaqişələrin ölkəsinə mənfi təsir göstərdiyini ifadə edib.

Ərdoğan vurğulayıb ki, rəsmi Ankara İranın bölgədəki ölkələrə qarşı "qanunsuz müdaxilələrini" qəbul etmir. O, qardaş ölkələrin hədəf alınmasının "heç kimə xeyir gətirmədiyini" və bu cür hərəkətlərin dərhal dayandırılmalı olduğunu qeyd edib.

Prezident Ərdoğan söhbət zamanı mövcud gərginliyin aradan qaldırılması üçün diplomatiyaya ehtiyac olduğunu vurğulayıb və Türkiyənin bu istiqamətdə fəal səylər göstərdiyini qeyd edib.

O, həmçinin İranın cənubundakı Mənab şəhərində yerləşən məktəbə edilən hücum nəticəsində uşaqların həlak olması ilə bağlı həmkarına başsağlığı verib.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Pit Heqset sözügedən hücumun araşdırıldığını bildirsə də, İsrail tərəfi hadisədə hər hansı iştirakını inkar edib.

Görüşdə fevralın 28-də ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində İranın ali dini lideri Əli Xameneinin və yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin həlak olması məsələsinə də toxunulub. Prezident Ərdoğan Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı çatdırıb və Müctəba Xameneinin yeni ali dini lider seçilməsinin regionda sülhün bərqərar olmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İran Prezidenti Məsud Pezeşkian isə öz növbəsində Türkiyənin hava məkanını pozan raketlərin İran tərəfindən atılmadığını ifadə edərək məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılacağını vurğulayıb.