ELM VƏ TEXNOLOGİYA
3 dəqiqə oxuma
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, kosmodrom qlobal kommersiya kosmik bazarına xidmət göstərəcək,...
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Mehmet Fatih Kaçır / Reuters
31 dekabr 2025

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, kosmodrom qlobal kommersiya kosmik bazarına xidmət göstərəcək, Türkiyəyə gəlir gətirəcək və Somalinin iqtisadi inkişafına töhfə verəcək.

Nazir Mehmet Fatih Kaçır dekabrın 30-da Somalidə yaradılacaq kosmodrom üçün vacib olan texniki-iqtisadi əsaslandırma və layihələndirmə işlərinin tamamlandığını, ilkin mərhələdə tikinti fəaliyyətlərinə başlandığını açıqlayıb.

Dekabrın 30-də səhər radələrində prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Somali prezidenti Həsən Şeyx Mahmud ilə keçirilən birgə mətbuat konfransında Türkiyənin kosmodrom qurmaq planlarını ictimaiyyətlə bölüşmüşdü.

Layihənin detalları barədə “Anadolu” agentliyinə danışan nazir Kaçır Türkiyə ilə Somali arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Somalidə Türkiyəyə ayrılmış ərazi üzərində kosmodromun inşa edildiyini bildirib.

M.Kaçır ekvator xəttinə yaxın yerləşən ölkələrin kosmosa çıxış baxımından texniki üstünlüklərə malik olduğunu vurğulayaraq, “Aparılan texniki-iqtisadi araşdırmalar nəticəsində Somalinin kosmodrom sərmayəsi üçün ən əlverişli region kimi ön plana çıxdığını” vurğulayıb.

Nazir qeyd edib ki, Milli Kosmik Proqramda yer alan “Kosmosa çıxış və kosmodrom” hədəfi çərçivəsində görülən işlər başda Türkiyə Kosmik Agentliyi (TUA) olmaqla aidiyyəti qurumların töhfələri ilə Nazirliyin koordinasiyasında həyata keçirilir.

Kaçırın sözlərinə görə, Türkiyənin kosmodroma sahib olması ölkəni kosmik fəaliyyətlərdə müstəqil, rəqabətədavamlı və qlobal miqyasda söz sahibi olan aktora çevirəcək strateji addımdır. O bildirib ki, bu sərmayə kosmik iqtisadiyyat baxımından uzunmüddətli və ciddi qazanc imkanları yaradacaq.

Nazir vurğulayıb ki, bu layihə sayəsində Türkiyədə hazırlanmış peyk buraxılış aparatlarının tam müstəqil şəkildə kosmosa göndərilməsi mümkün olacaq, buraxılış texnologiyaları sahəsində dayanıqlı və rəqabətqabiliyyətli yerli sənaye ekosistemi formalaşacaq.

Mehmet Kaçır əlavə edib ki, raket mühərrikləri, yanacaq texnologiyaları, itələmə sistemləri, qabaqcıl texnoloji materiallar, avionika və yerüstü dəstək infrastrukturları kimi kritik sahələrdə dərinləşən bu ekosistem texnoloji biliklərin qalıcı olmasını təmin edəcək və xarici asılılığı aradan qaldıracaq. O, kosmodromun eyni zamanda qlobal kommersiya kosmik bazarına xidmət göstərə biləcək potensiala malik olacağını da bildirib.

Kosmik sektorda tarixi qlobal nüfuz”

Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır qeyd edib ki, kosmodrom artan kommersiya peyk buraxılış xidmətləri, sınaq fəaliyyətləri və inteqrasiya prosesləri hesabına həm Türkiyə üçün gəlir gətirən strateji infrastruktur olacaq, həm də Somalinin iqtisadi inkişafına töhfə verəcək.

Nazir Somalinin ekvatora yaxın mövqeyinin, okean sahilində yerləşməsinin, il boyu buraxılışa əlverişli hava şəraitinin və hava-dəniz nəqliyyatının aşağı sıxlığının buraxılış təhlükəsizliyi və səmərəliliyi baxımından mühüm üstünlüklər yaratdığını bildirib. Onun sözlərinə görə, bu coğrafi üstünlüklər çevik buraxılış qrafikləri təmin edərək Türkiyənin sistemlərini qlobal miqyasda daha rəqabətli edəcək.

Nazir Kaçır Türkiyənin bu sərmayə ilə öz müstəqil buraxılış sahəsinə malik olan azsaylı ölkələr sırasına daxil olacağını vurğulayaraq deyib:
“Dünyada çox az ölkə peykləri müstəqil şəkildə buraxa bilən infrastruktura sahibdir. Türkiyənin bu liqada yer alması kosmik sahədə texnoloji yetkinlik, strateji müstəqillik və qlobal nüfuz baxımından tarixi bir mərhələdir. Somalidə qurulacaq kosmodrom Türkiyənin kosmosa müstəqil çıxışını təmin edəcək, milli təhlükəsizliyi gücləndirəcək, sənaye və texnologiya potensialını dərinləşdirəcək və ölkəni qlobal kosmik iqtisadiyyatda üst liqaya daşıyan strateji rıçaq rolunu oynayacaq”.