Türkiyənin Afyonkarahisar vilayətinin Tazlar kəndində nəsillər siqaret çəkmədən böyüyüblər.
İstər İstanbulun izdihamlı küçələrində, istərsə də Antalyadakı bir çimərlik qəsəbəsinin yaxınlığında olun, qarşınıza mütləq bir "Tekel" (Bu dükanlarda yerli və xarici şərablar, pivələr, viski və digər tünd içkilərlə yanaşı, hər növ siqaret və tütün məhsulları da tapmaq mümkündür) mağazası çıxar.
Yol kənarlarında sıralanan, əksəriyyəti göy rəngə boyanmış bu kiçik dükanlar Dövlət Tütün İnhisarından ("Tekel") günümüzə qədər uzanan bir mirasın parçasıdır. Türkiyədə siqaret deyiləndə ağıla gələn ilk ünvanlardan biri hələ də bu mağazalardır.
"Tekel" gənc türk dövlətinin gəlirli tütün işinə nəzarəti Osmanlı İmperiyasının son illərində bazara nəzarəti ələ keçirmiş xarici şirkətlərdən təhvil alması ilə 1920-ci illərin ortalarında qurulub.
Türkiyə onsuz da bir tütün istehsalçısı idi. "Camel" siqaretini istehsal edən Amerika nəhəngi RJR məhsullarında türk tütününün qarışığından istifadə edirdi. Bu, türk siqaret sənayesi üçün dönüş nöqtəsi bir an idi.
Lakin məhz həmin ərəfədə, Türkiyənin qərbindəki Afyonkarahisar vilayətinin Sinanpaşa rayonuna tabe olan kiçik Tazlar kəndində tamamilə fərqli bir inqilab yaşanırdı.
Kəndin ağsaqqallarından olan Əhməd Ağanın rəhbərliyi ilə kənd sakinləri siqaret çəkməmək barədə and içdilər və gələcək nəsillərə nümunə oldular.
Bu qərar müasir ictimai səhiyyə qanunlarının mövcudluğundan demək olar ki, bir əsr əvvəl Tazlar kəndini daimi olaraq siqaret çəkilməyən bir yerə çevirdi.
Aradan təxminən 100 il keçib və təxminən 2 000 nəfər əhalisi olan bu kənd, hələ də siqaret çəkən birinə rast gəlməyin demək olar ki, qeyri-mümkün olduğu bir yer kimi tanınır.
Türkiyə hökumətinin siqaret istifadəsini məhdudlaşdırmaq üçün ciddi səylər göstərdiyi indiki günlərdə Tazlar kəndinin hekayəsi daha böyük əhəmiyyət kəsb edir. Rəsmi Ankara 2025-ci ildən sonra doğulanlar üçün ömürlük siqaret qadağası gətirəcək bir qanunun icrasını nəzərdən keçirir.
Prezident Rəcəb Tayyib Ərdoğan siqaretə qarşı barışmaz mövqeyi ilə tanınır. İddiaya görə, o, İtaliyanın Baş naziri Corcia Meloniyə (Giorgia Meloni) siqareti tərgitməyi söyləmiş, Meloni də bu ilin əvvəlində siqareti atmışdı.
Müxtəlif araşdırmalar Türkiyənin siqaret istehlakında dünyada ən ön sıralarda yer aldığını göstərir. Tazlarda isə siqaret istehlakı heç bir problem sayılmır.
Hər şey necə başladı?
Tarix Əhməd Ağanı böyük ölçüdə unudub; Tazlar sakinlərinin xatırlaya bildiyi isə yalnız valideynlərindən eşitdikləridir.
Ancaq danışılanlara görə, Ağa xalqının həm fiziki sağlamlığını, həm də məhdud maddi imkanlarını qorumaq arzusu ilə hərəkət edirdi. Ağa kəndlilərin tütünə qarşı kollektiv şəkildə and içdiyi 1928-ci ildə siqaret çəkənlərin sayının çox az olduğu bir andan fürsət kimi istifadə edərək onları siqareti buraxmağa razı sala bildi.
Kəndin həm vaizi, həm də mühasibi olan 66 yaşlı Mehmet Aydoğmuş: "Ətrafımızda siqaret çəkən insanlar olmadan böyüdük. Bir növ, siqaret çəkməmək həyatımızın sonrakı dövründə aldığımız bir qərar deyildi. Birbaşa həyatımızın və mədəniyyətimizin bir parçasına çevrildi", deyir.
Bu fərq Tazların təcrübəsini anlamaq baxımından böyük önəm daşıyır.
Kənd yalnız fərdi qərarlara bel bağlamaq əvəzinə, siqaret çəkməyin heç vaxt normallaşmadığı kollektiv bir mədəniyyət formalaşdırıb.
Aydoğmuş bu prinsipin uşaqlara diktə edilən bir qayda kimi təqdim olunmadığını bildirir. Əksinə uşaqlar bu vərdişi valideynlərini, nənə-babalarını və qonşularını müşahidə edərək mənimsəyiblər.
Mehmet Aydoğmuş: "Uşaqlığımda kənddə siqaret çəkən birini görmək bizim üçün normal bir hal deyildi", -deyə xatırlayır.
Tazlar sarı pomidor və şəkər çuğunduru tarlaları ilə əhatə olunmuş, qırmızı kərpicli evlərdən ibarət bir kənddir. Buradakı kəndlilərin müəyyən bir gündəlik rejimi var; səhər tez oyanıb, gün batdıqdan sonra yatırlar. Burada hamı bir-birini tanıyır.
Kəndlilərin siqaretə qarşı mövqeyi qismən sağlamlıq narahatlıqlarına əsaslansa da, Aydoğmuş bu ənənənin yalnız sağlamlıqla izah edilə bilmeyəcəyini söyləyir.
"Böyüklərimiz bizə daim siqaretin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edərdi. Ancaq sadəcə sağlamlığa zərərli olduğunu deməklə kifayətlənməzdilər", deyir.
Kəndlilər həmçinin zərərli vərdişlərin ailələr, cəmiyyətlər və fərdi iradə üzərindəki təsirləri haqqında da danışırlar.
Aydoğmuş: "Bunu zamanla öyrəndik. Uşaqkən nə anlama gəldiyini tam bilməsək də, böyüklərimizin rəftarından bunun bizim üçün mühüm bir məsələ olduğunu anlayardıq", deyir.
Mehmet Aydoğmuş kəndin yanaşmasının ailə məsuliyyəti, dini dəyərlər və ictimai həmrəyliyi birləşdirdiyini qəyd edir.
Ailələr uşaqlarına sahib çıxardı. Yaşlılar gənc nəsillərə xəbərdarlıq edərdi. Qonşular bir-birini tanıyardı. Və davranışlar sadəcə fərdi bir məsələ kimi deyil, eyni zamanda böyük ailəyə və cəmiyyətə təsir edə biləcək bir ünsür kimi görülərdi.
Əgər bir uşaq ailənin zərərli hesab etdiyi bir vərdişə yiyələnməyə başlayardısa, qohumlar və qonşular buna biganə qalmazdılar.
Aydoğmuş: "Bir gənc bir yerdə səhv edərsə, insanlar 'mənə dəxli yoxdur' deməz. Kənddə insanlar bir-birini tanıyır. Hamı birinin kimin uşağı və ya kimin nəvəsi olduğunu bilir", deyir.
Yaxşı, bəs sizdən sonra bu mirası təhvil alacak gənclər yoxdursa, bir mədəniyyəti necə yaşada bilərsiniz?
Tüstü kimi dağılıb getmək
Tazlarda böyüyən 29 yaşlı Murad Karasöğüt ölkənin digər bölgələrinə gedəndə hər zaman bir mədəniyyət şoku yaşayır.
Karasöğüt "Çöldə siqaret çəkən birini görəndə bəzən 'bizim kənddə belə bir şey yoxdur' deyə düşünürük", deyir və kənddə siqaret çəkməməyin gözlənilən bir davranışa çevrildiyini qeyd edir.
Gənclərə siqaretdən imtina etmələri barədə daim nəsihət verməyə ehtiyac qalmır, çünki siqaret kəndin gündəlik mədəniyyətinin onsuz da bir parçası deyil.
Karasöğüt: "Siqaret çəkməmək kəndimizdə oturuşmuş bir vərdişdir, buna görə də gənclər bunu daha rahat mənimsəyirlər", deyir.
Gənclər başqa yerlərdə siqaretlə daha tez-tez qarşılaşsalar belə, bu fərqin önəmini qoruduğuna inanır.
Lakin getdikcə daha çox gənc kənddən şəhərlərə köçür. Bu vəziyyət isə siqaretə qarşı göstərilən qətiyyətli duruşun zamanla zəifləyə biləcəyinə dair narahatlıqları artırır.
Kənd gənclərinin üçdə ikisinden çoxu daha yaxşı təhsil və iş imkanlarının cəlbediciliyi ilə artıq İstanbul və Bursa kibi şəhərlərdə yaşayır.
Aydoğmuş və Karasöğüt üçün Tazlar ənənəsinin gələcəyi, nəticə etibarilə gənc nəsillərin bu ənənəni davam etdirib-etdirməyəcəyindən asılıdır.
Karasöğüt gənclərin bu mövzuda xüsusi bir məsuliyyəti olduğuna inanır.
"Keçmişdə ilişib qalmaq istəmirik. Amma keçmişimizi itirmək də istəmirik", -deyir Aydoğmuş qeyd edir.























