Türkiyənin aparıcı müdafiə şirkəti ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında hibrid hava hücumundan müdafiə sistemlərinin tədarükü məqsədilə 2,46 milyard avro (2,75 milyard dollar) dəyərində müqavilə imzalanıb.
ASELSAN bu sazişin maliyyə göstəricilərinə müsbət təsir edəcəyini vurğulayıb. Yeni əməkdaşlığın oktyabrın 5-də başlayacağı gözlənilir, lakin sistemlərin nə vaxt təslim ediləcəyi hələlik açıqlanmayıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol "NSosyal" platformasındakı paylaşımında qeyd edib ki, davam edən seriyalı istehsal prosesi Türkiyənin "Polad günbəz" hava hücumundan müdafiə sistemini daha da gücləndirir və ölkənin hava məkanının təhlükəsizliyini artırır.
Türkiyəni öz hava hücumundan müdafiə sistemlərini müstəqil şəkildə inkişaf etdirə bilən azsaylı dövlətlərdən biri kimi səciyyələndirən A. Akyol müstəqil müdafiə sənayesi hədəfi istiqamətində fasiləsiz çalışacaqlarını bildirib.























