Türkiyə və Səudiyyə Ərəbistanı KAAN qırıcı təyyarələrinə birgə investisiya yatıracaq

Ankara və Ər-Riyad müdafiə sənayesində "mühüm" əməkdaşlıq müqavilələri imzalayıblar

By
Ankara və Ər-Riyad müdafiə sənayesində "mühüm" əməkdaşlıq müqavilələri imzalayıblar / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misir səfərlərindən qayıdarkən bu ziyarətlər və beynəlxalq məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Dövlət başçısı bu səfərlər çərçivəsində ikitərəfli münasibətləri bütün aspektləri ilə əhatəli şəkildə müzakirə etdiklərini bildirib.

“Bölgəmizin aparıcı ölkələri olaraq aktual proseslərlə bağlı məsləhətləşmələr apardıq. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində mühüm əməkdaşlıqlara imza atırıq və bunu daha da inkişaf etdirməkdə qətiyyətliyik. Səudiyyə Ərəbistanı ilə KAAN beşinci nəsil hərbi təyyarəsi mövzusunda birgə investisiya nəzərdə tutulur. Hər an bu ortaq sərmayəni həyata keçirə bilərik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

ABŞ-İran münasibətlərinə toxunan Türkiyə Prezidenti deyib: “Amerika ilə İran arasındakı gərginliyin bölgəni yeni bir münaqişəyə və xaosa aparmasının qarşısının alınması üçün əlimizdən gələni edirik. İndiyə qədər tərəflərin diplomatiyaya imkan yaratmaq istədiyini görürəm. Bu, müsbət bir inkişafdır. Problemlərin həlli yolu münaqişələr deyil, uzlaşma zəminində bir araya gəlmək və danışıqlar aparmaqdır".

Qəzzadakı vəziyyətə də toxunan dövlət başçısı Türkiyənin Qəzza sülh planının "lazım olduğu kimi" həyata keçirilməsinin təmin edilməsində və Qəzzada sülhün və sabitliyin bərpasında fəal rol oynayacağını söyləyib.