TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi
Türk Dili Qurumu (TDK) və Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsinin təşkilatçılığı ilə keçirilən simpozium 4–5 dekabr tarixləri arasında baş tutacaq
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi / TRT
4 dekabr 2025

Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi.

Türk Dili Qurumu (TDK) və Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsinin təşkilatçılığı ilə keçirilən simpozium 4–5 dekabr tarixləri arasında baş tutacaq. Türkologiya sahəsində aparıcı alimləri bir araya gətirən simpoziumda qədim türk dil irsinin müxtəlif aspektləri müzakirə olunub.

Tədbirdə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsinin dekanı, professor İrfan Albayrak, və Türk Dili Qurumunun rəhbəri, professor Osman Mert açılış nitqi ilə çıxış ediblər.

Professor İrfan Albayrak çıxışında fakültənin 90 illik yubileyi münasibətilə keçirilən tədbirin simvolik əhəmiyyətini vurğulayıb, türk dilinin tarixi irsini və mədəni davamlılığını qorumağın vacibliyini xatırladıb. O, Atatürkün türk dilinə verdiyi önəmə diqqət çəkərək fakültənin Qədim Türk dili tədqiqatları sahəsində 90 illik elmi təcrübəyə malik olduğunu bildirib. Albayrak həmçinin müxtəlif coğrafiyalarda türk dilinin izlərini elmi cəhətdən araşdırmağın vacibliyinə diqqət çəkib.

Türk Dili Qurumunun rəhbəri professor Osman Mert isə çıxışında bildirib ki, Qədim Türk dili yalnız keçmişə aid bir dövr deyil, türk millətinin mədəni yaddaşının əsas sütunlarından biridir. O, Orxon-Yenisey yazılı abidələrindən Uyğur və Qaraxanlı dövrlərinin əlyazmalarına qədər uzanan zəngin dil irsinin Türk intellektual dünyasının təməlini təşkil etdiyini vurğulayıb və gənc tədqiqatçıları bu mirası daha dərindən araşdırmağa çağırıb.

Tədbirə professor Sema Barutçu Özönder moderatorluq edib. Simpoziumda ‘‘Oğuz xaqan’’ dastanı və Xakasiyadakı Tepsei dağında yerləşən bir mağarada tapılmış qədim türk yazısı haqqında məruzələr təqdim olunub.

Simpoziumun ilk günündə “Qutadqu-bilik”, Orxon-Yenisey abidələrindəki rəvayətlər, qədim türk hüquqi mətnləri, Göytürk lüğətinin xüsusiyyətləri, qədim türk dilində say adları və Türk Xaqanlığından qalan yazılar kimi mövzular müzakirə edilib. Həmçinin mətn ötürülməsində nəzərdən qaçan mədəni kodlar və qədim türk dilində semantik törəmə üsulları ilə bağlı araşdırmalar da təqdim olunub.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Yaponiya və Çin kimi ölkələrdən dilçilərin qatıldığı simpozium türk ləhcələri və dilçilik ixtisaslarında təhsil alan tələbələr tərəfindən də böyük maraqla qarşılanıb.