SİYASƏT
2 dəqiqə oxuma
Polşanın XİN rəhbəri R.Sikorski İ.Maskın paylaşımlarına irad bildirib
R.Sikorski bildirib ki, İ.Maskın anti-Aİ çıxışları düşmən qüvvələrin maraqlarına xidmət edir
Polşanın XİN rəhbəri R.Sikorski İ.Maskın paylaşımlarına irad bildirib
Polşanın XİN rəhbəri R.Sikorski İ.Maskın paylaşımlarına irad bildirib / Reuters
8 saat əvvəl

Polşanın xarici işlər naziri Radoslav Sikorski “X” platformasının sahibi İlon Maskın Avropa İttifaqının ləğv edilməsinə çağırışını kəskin tənqid edib. Nazir dekabrın 6-da etdiyi paylaşımda bildirib ki, bu kimi bəyanatlar Avropanı parçalamağa çalışan qüvvələrin işinə yarayır. Bu cür fikirlərin səsləndirilməsi regionda gərginliyin artdığı bir dövrdə xüsusi təhlükə yaradır.

Nazir R.Sikorski “X” platformasında etdiyi paylaşımda deyib:

“O sanki bilmir suverenlik adı altında aparılan anti-Aİ təbliğatından kimlər faydalanacaq. Buna heç kəsin şübhəsi yoxdur. Belə bir vəziyyət ancaq Avropanı ələ keçirmək niyyətində olanların işinə yarayır.”

Qeyd edək ki, R.Sikorskinin açıqlamaları Avropa Komissiyasının “X” platformasına Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Aktı”nın (DSA) pozuntularına görə 120 milyon avro məbləğində cərimə tətbiq etməsindən bir qədər sonra səslənib. Kəsilən bu cərimə Avropa İttifaqının yenilənmiş onlayn platforma qaydaları çərçivəsində verilən ilk belə sanksiya hesab olunur.

Bundan əlavə, tənzimləyici qurumun qərarında “X” platformasında “mavi X” işarəsinə sahib olmağın şəffaflığının təmin edilməməsi, reklam qaydalarının kifayət qədər açıq olmaması və tədqiqatçılar üçün lazımi məlumatların təqdim edilməməsi əsas pozuntular kimi göstərilib.

Polşa rəsmiləri hesab edir ki, Rusiya kimi ölkələr Avropa İttifaqına qarşı mənfi fikirləri qızışdıraraq Avropanın birliyini zəiflətməyə çalışır.

Nazirin fikirləri elə həmin gün Polşanın Baş naziri Donald Tuskun çıxışı ilə də üst-üstə düşüb. D.Tusk Avropa ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və xarici müdaxilələrə qarşı birlik çağırışı edib.

MƏNBƏ:TRT