Türkiyənin Antalya şəhərində oktyabrın 5-dən 9-dək 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) təşkil olunacaq. Bildirilir ki, bu tədbir edilən müraciətlərin və aparılan qeydiyyatların sayına görə əvvəlki analoji konqresləri geridə qoyub.
"NEST" Konqres Mərkəzində keçiriləcək tədbirə 100-dən çox ölkədən 10 mindən artıq nümayəndənin qatılacağı gözlənilir. Tədbirin rəsmi rəmzi obrazı seçilən "Turkuaz" adlı dəniz tısbağası qonaqları qarşılamağa hazırlaşır.
Beynəlxalq Kosmos Konqresi qlobal kosmik və aviasiya sahəsində hər il keçirilən ən böyük, eyni zamanda ən nüfuzlu toplantısı hesab olunur.
Beynəlxalq Kosmik Federasiya (IAF) tərəfindən hər il təşkil edilən konqres bu il Türkiyə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyinin (TUA) ev sahibliyi ilə baş tutacaq.
"IAC 2026"nın elmi proqramına 108 ölkədən 8 min 330 tədqiqat xülasəsi göndərilib. Bu göstərici IAC tarixində həm müraciət sayı, həm də ölkə sayı baxımından bütün dövrlərin ən yüksək səviyyəsidir.
Müqayisə üçün qeyd edək ki, əvvəlki konqreslərdən 2024-cü ildə Milanda keçirilən tədbirə təxminən 7 min, 2025-ci ildə Sidneydə təşkil olunan konqresə isə təxminən 6 min 400 müraciət daxil olmuşdu.
Tədbir üçün təkcə Türkiyədən 1.810 tədqiqat xülasəsi təqdim edilib. Tək bir ölkədən edilən ən çox müraciət olaraq bu göstərici də rekord kimi qeydə alınıb.
Qiymətləndirmə mərhələsindən sonra 4 min 77 elmi iş birbaşa qəbul olunub. 542 elmi iş isə ehtiyat siyahıya salınıb. Ümumilikdə 4 mindən çox tədqiqat işi texniki proqrama daxil edilib.
Türkiyə qəbul edilən 674 tədqiqat işi ilə ölkələr arasında birinci yeri tutub.
Qeyd edək ki, IAC-a edilən "tədqiqat xülasəsi" müraciətləri mühüm ilkin mərhələdir. Tədqiqatçılar, mühəndislər, alimlər, tələbələr və sektor mütəxəssisləri kosmik sahədəki elmi və ya texniki işlərini konqresdə təqdim etmək üçün ilk olaraq bu müraciəti edirlər. Qəbul olunan işlər konqresin texniki proqramına daxil edilir. Daha sonra şifahi və ya interaktiv təqdimatlarla Beynəlxalq Kosmik İctimaiyyətinə təqdim olunur.
Müraciətlərin rekord sayı "IAC 2026"nın texniki proqramını da bu günədək olan ən genişqrafikli proqramlardan birinə çevirib. Qəbul edilən təqdimatlar rekord göstərici ilə 180-dən çox texniki sessiyaya bölünüb. Bu təqdimatların təxminən 62 faizinin şifahi, 38 faizinin isə interaktiv formatda keçirilməsi planlaşdırılır.
Müraciətlərin çoxluğu həm bu konqresə olan böyük marağı həm də Antalyanın 5 gün ərzində yeni elmi işlərin, texnologiyaların və potensial beynəlxalq tərəfdaşlıqların görüş nöqtəsi olacağını sübut edir.
"IAC 2026"nın elmi işlərin təqdim olunması ilə yanaşı kosmik agentliklər, şirkətlər, investorlar və qərar qəbul edən tərəflər arasında yeni əməkdaşlıqların qurulmasına mühüm töfhə verməsi hədəflənir.




















