Türkiyə Hərbi Dəniz Qüvvələrinin əsas hərbi gəmilərindən olan "TCG Sancaktar" amfibiya əməliyyatları və mina yerləşdirmə kimi hərbi vəzifələrlə yanaşı, fəlakət zonalarında xəstəxana, logistik dəstək və təxliyə gəmisi funksiyasını da uğurla yerinə yetirir.
Gölcük Gəmiqayırma Zavodu Komandanlığında təşkil olunan "TEKNOFEST Mavi Vətən" festivalının son günündə də ziyarətçi axını davam edib. Türkiyənin dəniz gücünü, müstəqilliyini və milli müdafiə potensialını nümayiş etdirən tədbirdə "TCG Sancaktar" gəmisi xüsusi maraqla qarşılanıb.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin 2018-ci ildə invantarına daxil edilən gəminin uzunluğu 139 metr, eni isə 19 metrdir. Tamamilə yerli və milli imkanlarla inşa olunan hərbi gəmi ən müasir texnologiyalarla təchiz edilib.
"Xalqımızın etimadı və gücü ilə hər an tapşırığa hazırıq"
"TCG Sancaktar" gəmisinin komandiri, dəniz kapitanı (dəniz polkovniki) Tolqa Kestek "TEKNOFEST Mavi Vətən"də yer almaqdan məmnunluq duyduqlarını və ictimaiyyətlə bir araya gəlməyin qürurverici olduğunu bildirib.
T.Kestek "TCG Sancaktar"ın tank-desant gəmisi kimi amfibiya əməliyyatları və minaməyləmə kimi strateji tapşırıqları icra etdiyini qeyd edərək əlavə edib: "Gəmimiz 2018-ci ildə donanmamızın heyətinə qatılan, tamamilə yerli istehsal olan milli qürur mənbəyimizdir. Ən son texnoloji standartlara cavab verir".
Komandir gəminin 20 əsas döyüş tankı daşıma gücünə malik olduğunu, hazırda göyərtədə 20 tankla yanaşı, yerli istehsal olan 27 Zirehli Amfibiya Hücum Maşınının (ZAHA) yerləşdirildiyini diqqətə çatdırıb.
Bu texnikalar vasitəsilə dəniz piyadalarının 100 kilometrdən artıq məsafədən sahilə çatdırıla bildiyini vurğulayan T.Kestek deyib: "Bu imkan sahildən gələ biləcək düşmən atəşinə məruz qalmadan qüvvələrin sahilə çıxarılmasına şərait yaradır. Həmçinin helikopter əməliyyatları aparmaq imkanımız da mövcuddur. Hərbi Dəniz Qüvvələri və Silahlı Qüvvələrimizin bütün helikopterləri bu gəmidən tapşırıqlara cəlb oluna bilər".
Uşaqlar xəyallarını 20 illik müddətə "TCG Sancaktar"a əmanət edirlər
"TCG Sancaktar"ı ziyarət edən uşaqlar "Gələcəyə mesajınız var, uşaqlar!" stendində hərbçilərlə xatirə fotosu çəkdirdikdən sonra xəyallarını və gələcək arzularını xüsusi dəftərə qeyd edirlər. Uşaqların imzaladığı bu mesajlar gəmi personalı tərəfindən 20 il müddətində qorunub saxlanılacaq.
"Gənclik Türkiyə Cümhuriyyətini əbədi qoruyacaq"
Gəmini ziyarət edən 10 yaşlı Hanzadə Yetimoğlu hərbi dənizçiliyə sevgisini belə ifadə edib: "Gəmilərimizin hər zaman millətimizin yanında olmasından qürur duyuram".
İdman uğurlarından da söhbət açan H.Yetimoğlu gələcəkdə ölkəsini beynəlxalq arenada layiqincə təmsil etmək arzusunu dəftərə qeyd etdiyini bildirib.
Digər ziyarətçi, 12 yaşlı Nurbanu Yoldas isə təəssüratlarını bölüşərək deyib: "Ölkəmizi müdafiə edən bu cür hərbi gəmilərin inşa edilməsi bizə böyük qürur verir. Onların sayəsində ölkəmizdə rahat yaşayırıq. Xatirə kitabına yazdım ki: "Türkiyə Cümhuriyyətinə əmanət etdiyiniz gənclik bu dövləti əbədi olaraq qoruyacaq və düşmənlərə imkan verməyəcək. Bunu unutmayın. Sevgilərlə...".






















