Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın paytaxt Ankaraya işgüzar səfər edən Sudanın Baş naziri Kamil İdrisi Prezident İqamətgahında qəbul etdiyini açıqlayıb.
İdarə Türkiyənin "NSosyal" sosial media platforması vasitəsilə mayın 20-də etdiyi paylaşımda görüş zamanı Türkiyə ilə Sudan arasındakı münasibətlərlə yanaşı, regional və qlobal mövzuların da müzakirə edildiyini bildirib.
Buna əsasən Ərdoğan Türkiyə ilə Sudan arasındakı əlaqələrin atılan və atılacaq addımlarla daha da irəliyə aparılmasının hədəfləndiyini, Türkiyənin Sudanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş güclü dəstəyini davam etdirdiyini dilə gətirib.
Dövlət başçısı həmçinin Ankaranın Sudandakı münaqişənin sona çatmasına və normallaşmanın təmin olunmasına kömək etmək üçün səy göstərdiyini, Türkiyənin atəşkəsin yaradılması və hərtərəfli siyasi prosesin başladılması istiqamətindəki diplomatik cəhdləri dəstəklədiyini qeyd edib.
Ərdoğan Sudan xalqının çəkdiyi əzabları yüngülləşdirməyi hədəfləyən humanitar yardımların bu dövrdə artaraq davam edəcəyini vurğulayıb.
Qəbulda Prezidentin köməkçisi Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran da iştirak ediblər.

















