İran dövləti ABŞ ilə müharibə ehtimalına qarşı sığınacaqlar müəyyənləşdirir

82 metro stansiyası və 300 avtomobil dayanacağı sığınacaq kimi istifadə ediləcək

By
İran dövləti ABŞ ilə müharibə ehtimalına qarşı sığınacaqlar müəyyənləşdirir / Reuters

İran ilə Amerika Birləşmiş Ştatları arasında müharibə ehtimalı ilə əlaqəli olaraq paytaxt Tehranda böhranların idarə olunması üzrə məsul qurumlar hazırlıq tədbirləri görürlər.

Bu barədə yanvarın 31-də Tehranda mətbuata açıqlama verən paytaxt Tehran üzrə Böhranların İdarə Olunması Qurumunun rəhbəri Əli Nəsiri bildirib. Ə.Nəsiri qeyd edib ki, Tehran Şəhər Bələdiyyəsinin Müdafiə Komitəsi paytaxt ərazisində mövcud sığınacaqlarla bağlı genişmiqyaslı yoxlamalar aparıb.

Araşdırmanın nəticələrinə görə, məktəblərdə yerləşən təxminən 518 köhnə sığınacaq müəyyən edilib, lakin onların yalnız təxminən 20 faizinin yenidən istifadəyə yararlı olduğu məlum olub.

Ə.Nəsiri Tehranın müxtəlif bölgələrində yerləşən 82 metro stansiyasının rəsmi olaraq sığınacaq kimi müəyyən edildiyini və bu stansiyaların sanitar qovşaqlar, su və ərzaq ehtiyatları da daxil olmaqla, əsas yaşayış tələbatları ilə təchiz edildiyini qeyd edib.

O, həmçinin bu stansiyalarda sığınacaq nişanlarının və istiqamətləndirici lövhələrin quraşdırılmasının yaxın vaxtlarda tamamlanacağını əlavə edib.

Metro sistemindən kənarda, avtomobil dayanacaqları və ictimai istifadədə olan komplekslər də daxil olmaqla, 300-dən çox yeraltı məkanın fövqəladə vəziyyət sığınacağı kimi istifadə oluna biləcəyi müəyyənləşdirilib.

Zəruri icazə və prosedurlar başa çatdıqdan sonra bu sığınacaqların təxminən 2,5 milyon nəfər üçün sığınacaq təmin edəcəyi bildirilir.

Tehranın əhalisinin adətən 10–12 milyon arasında olduğu, böyük metropol ərazisi də nəzərə alındıqda isə bu göstəricinin 15–16 milyona çatdırılacağı təxmin edilir.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında İran ilə İsrail arasında tarixdə ilk dəfə baş vermiş birbaşa hərbi toqquşma zamanı Tehranın bəzi bölgələrində yaşayan sakinlər yaxınlıqdakı metro stansiyalarına sığınmışdı.

On iki gün davam edən bu müharibədən sonra İranın böhranların idarə olunması üzrə qurumları, xüsusilə Tehranda metro stansiyalarının, avtomobil dayanacaqlarının və digər obyektlərin təhlükəsiz sığınacaqlara çevrilməsi istiqamətində genişmiqyaslı addımlar atıb.

Son həftələrdə isə ABŞ prezidenti Donald Trampın İrana doğru bir dəniz armadasının yola çıxdığını açıqlaması mümkün hərbi əməliyyata işarə edərək yeni müharibə təhlükəsini gücləndirib.

İran hökuməti hər hansı hücuma sərt şəkildə cavab veriləcəyi barədə xəbərdarlıq edib.