Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İranın "haqsız və qanunsuz" hücuma məruz qaldığını bildirərək ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarını beynəlxalq hüquq normalarına zidd hesab etdiyini açıqlayıb.
Martın 2-də Ankarada keçirilən mətbuat konfransında çıxış edən Ömər Çelik diplomatik danışıqların davam etdiyi bir vaxtda həyata keçirilən bu hücumların narahatlıq doğuran nəticələrə səbəb olacağını vurğulayıb.
Ömər Çelik qeyd edib ki, diplomatiya əvvəlcədən planlaşdırılmış hücumlar üçün taktiki örtük və ya vaxt qazanmaq vasitəsi ola bilməz. Onun sözlərinə görə, danışıqlar prosesində belə bir hərbi müdaxilənin baş verməsi diplomatik həll yollarından tamamilə imtina edildiyini göstərir.
Ədalət və İnkişaf Partiyasının sözçüsü ibtidai məktəbin bombalanması, həmçinin yüksək vəzifəli dini, hərbi və siyasi xadimlərin həlak olması ilə nəticələnən mülki itkilərə görə İran xalqına başsağlığı verib. İranın qanunsuz hücumla üz-üzə qaldığını təkrar edən Ömər Çelik tərəfləri dərhal danışıqlar masasına qayıtmağa çağırıb.
Ömər Çelik BMT üzvü olan bir dövlətin hökumətini hədəf almağın və rejim dəyişikliyini açıq şəkildə müzakirə etməyin bölgədəki qeyri-sabitliyi daha da artıracağı barədə xəbərdarlıq edib. O, rejim dəyişikliyi cəhdlərinin tarixən vətəndaş müharibələrinə və uzunmüddətli xaoslara səbəb olduğunu diqqətə çatdırıb.
Ömər Çelik vurğulayıb ki, İsrailin təhlükəsizliyi bəhanəsi ilə və ya bu ölkənin fanatik xarici siyasət gündəmini dəstəkləmək məqsədilə edilən müdaxilələr bütün regionu sarsıdır. Ö.Çelik həmçinin bu cür addımların İkinci Dünya Müharibəsindən sonra qurulmuş beynəlxalq nizamı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyduğunu bildirib.
İran xalqı ilə həmrəy olduqlarını bildirən Ömər Çelik Tehranı münaqişəni genişləndirməməyə çağırıb. O, qeyd edib ki, rəsmi Ankara hadisələrin gedişatını yaxından izləyir və regional gərginliyin artma riski də daxil olmaqla bütün mümkün ssenarilərə hazırlaşır.
Sözçü bildirib ki, Türkiyə hazırkı vəziyyəti dörd əsas istiqamət üzrə yaxından izləyir: İran sərhədindən gözlənilən böyük miqrasiya dalğası, Hörmüz boğazı kimi mühüm enerji marşrutlarındakı iqtisadi dalğalanmalar, milli təhlükəsizlik tədbirləri və xaricdəki Türkiyə vətəndaşlarının mühafizəsi.
Ö.Çelik dövlət qurumlarının tam koordinasiya şəraitində zəruri hazırlıqlar gördüyünü, səfirlik və konsulluqların isə münaqişə zonalarını tərk etmək istəyən vətəndaşlara kömək məqsədilə 24 saatlıq iş rejiminə keçdiyini bildirib.
Xatırladaq ki, ABŞ və İsrail qüvvələrinin şənbə günü İrana təşkil etdiyi hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla ölkənin bir neçə yüksək vəzifəli rəsmisi həlak olub. Tehran bu əməliyyata cavab olaraq İsrail, ABŞ hərbi qüvvələri və bəzi Körfəz ölkələrini hədəf alan hücumlar həyata keçirib.















