Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev Rusiyaya qarşı mübarizəsini davam etdirmək üçün növbəti iki-üç il ərzində Avropanın maliyyə dəstəyinə ehtiyac duyacaq.
Oktyabrın 28-də yayımlanan bəyanatda Zelenski vurğulayıb ki, Ukrayna onilliklər boyu davam edəcək müharibə aparmaq istəmir, lakin müdafiəsini və iqtisadiyyatını qorumaq üçün “proqnozlaşdırıla bilən, uzunmüddətli” dəstəyə ehtiyacı var.
Ukrayna lideri deyib: “Onilliklər boyu davam edəcək müharibə aparmaq istəmirik. Lakin Avropa müəyyən bir müddət ərzində Ukraynaya sabit maliyyə dəstəyi verə biləcəyini nümayiş etdirməlidir’’.
V.Zelenski həmçinin Ukraynanın müharibə səylərini və yenidənqurma işlərini maliyyələşdirmək məqsədilə Brüsseldə dondurulmuş Rusiya aktivlərindən istifadə planlarına toxunub.
Avropa İttifaqı (Aİ) liderləri ötən həftə Avropa Komissiyasına Rusiyadan müsadirə edilən on milyardlarla avro dəyərində vəsaiti və böyük kreditləri əhatə edəcək iki illik dəstək paketi üzrə təklifləri yekunlaşdırmağı tapşırıblar.
V.Zelenskinin sözlərinə görə, əldə ediləcək vəsait münaqişənin gedişatından asılı olaraq ya yenidənqurma, ya da müdafiə məqsədləri üçün istifadə olunacaq.
“Əgər müharibə bir ay ərzində başa çatsa, bu pulu yenidənqurmaya sərf edəcəyik. Əgər davam etsə, onda silahlara xərcləyəcəyik. Başqa çarəmiz yoxdur”, – deyə Volodimir Zelenski bildirib.
Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampı bu həftənin sonlarında gözlənilən danışıqlar zamanı çinli həmkarı Si Cinpinə Pekinin Moskvaya iqtisadi və siyasi dəstəyini azaltmaq üçün təzyiq göstərməyə çağırıb.
Volodimir Zelenski jurnalistlərə deyib: “Bu Prezident Trampın ən güclü addımlarından biri ola bilər. Xüsusilə bu qətiyyətli sanksiya qərarından sonra Çin Rusiyadan idxalı azaltmağa razı olarsa’’.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyanın iki böyük neft şirkətinə sanksiyalar tətbiq edib.
Volodimir Zelenski həmçinin cəbhə xəttində artan təzyiqlərə diqqət çəkərək bildirib ki, Rusiya qüvvələri aylarla davam edən gərgin döyüşlərdən sonra şərqdəki Pokrovsk şəhərində bir mövqeyi nəzarətə götürüb.
“Orada müxtəlif yerlərdə təxminən 200 rus var və biz bunu dronlar vasitəsilə müşahidə edirik. Pokrovsk hazırda Rusiyanın əsas hədəfidir”, – deyə Ukrayna prezidenti vurğulayıb.









