R.T.Ərdoğan Cənubi Afrikadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada törətdiyi hərəkətlərə qarşı qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada törətdiyi hərəkətlərə qarşı qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməyə çağırıb. O, diplomatik təzyiqin artırılmasının və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb.
Cənubi Afrikada keçirilən G20 Liderlərinin Zirvə toplantısından qayıdarkən jurnalistlərə açıqlama verən Prezident Ərdoğan deyib:
"İnanıram ki, beynəlxalq ictimaiyyət qətiyyətli mövqe nümayiş etdirərsə, Netanyahunu dayandırmaq mümkün olacaq’’.
İsrailin atəşkəs pozuntularına toxunan dövlət başçısı deyib:
"Həmas İsrailin bütün təxribatlarına səbrlə yanaşaraq atəşkəsə sadiq qalır. Bu atəşkəsin tam şəkildə tətbiqi vacibdir’’.
Prezident R.TƏrdoğan regional təhlükəsizliklə bağlı hər hansı təhdidin hiss olunacağı təqdirdə Türkiyə hökumətinin qətiyyətli addımlar atacağı barədə xəbərdarlıq edib:
"Ölkəmizin milli təhlükəsizliyi və sülhü ilə bağlı əvvəllər atdığımız addımlar hamıya məlumdur. Biz yenidən oxşar təhdid və təhlükə ilə üzləşmək istəmirik, amma üzləşsək, lazımi addımları atacağıq’’.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etməyə hazır olduğunu bir daha vurğulayıb:
"Türkiyə daha əvvəl etdiyi kimi konstruktiv mövqe nümayiş etdirməyə hazırdır."
ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh təklifi ilə bağlı sualları cavablandıran Ərdoğan deyib: "Əgər plan tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını yeni qeyri-sabitlik yaratmayacaq şəkildə qarşılayarsa razılaşma mümkün olacaq’’.
Prezident Ərdoğan bildirib ki, gələcəkdə Türkiyə dəyişən qlobal ittifaqlar arasında "yüksələn güc" kimi yolunu davam etdirəcək. O, həmçinin milli imkanlarla istehsal olunan tanklar, təyyarələr və pilotsuz uçuş vasitələri də daxil olmaqla yüksək texnologiya, enerji və müdafiə sahələrinə yatırılan investisiyalara diqqət çəkib.
Ərdoğan deyib: "Biz öz yolumuzu müəyyənləşdiririk, öz taleyimizi öz əllərimizlə qururuq. Miras aldığımız Türkiyə ilə bugünkü Türkiyə arasında uçurum olduğu kimi, gələcək nəsillərə ötürəcəyimiz Türkiyə də bu gündən kilometrlərlə irəlidə olacaq’’.