Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qlobal ədalətin bərqərar edilməsində rolunun artdığını və İslam dünyasının böhranlar qarşısında birgə hərəkət etməsinin vacibliyini vurğulayıb.
Nazir bu fikirləri Ankarada İƏT-ə üzv və müşahidəçi ölkələrin səfirləri, habelə təşkilatın Türkiyədəki qurumlarının nümayəndələri üçün təşkil olunmuş iftar süfrəsində səsləndirib.
Diplomatik mənbələrin verdiyi məlumata görə, paytaxtdakı otellərin birində baş tutan görüşdə nazir Fidan sosial media hesabı vasitəsilə də mühüm mövzulara toxunaraq deyib:
"İƏT qlobal ədalətin təmin olunmasında getdikcə daha təsirli rol oynayır. Eyni zamanda, bu təşkilat İslam dünyasına humanitar və siyasi böhranlar qarşısında vahid mövqedən çıxış etmək imkanı yaradır".
Hakan Fidan həmçinin qeyd edib ki, Türkiyə İƏT Xarici İşlər Nazirləri Şurasının sədri qismində təşkilatın fəaliyyətinə və inkişafına töhfə verməkdə davam edəcək.
Çıxışının sonunda nazir: "Ümid edirəm ki, bu mübarək ay bütün bəşəriyyətə sülh və əmin-amanlıq gətirəcək", - deyərək iştiraklarına görə bütün səfirlərə minnətdarlığını bildirib.
























