İran prezidenti Məsud Pezeşkian Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrailin ölkəsinə qarşı davam etdirdikləri müharibəni sona çatdırmağın yeganə yolunun Tehranın "qanuni hüquqlarının" tanınması və "gələcəkdə ortaya çıxa biləcək təcavüzə" qarşı sağlam beynəlxalq zəmanətlərin verilməsi olduğunu bildirib.
Pezeşkian martın 11-də “X” platformasında etdiyi paylaşımda Rusiya və Pakistan liderləri ilə görüşdüyünü qeyd edərək yazıb: "İranın bölgədə sülhə olan sadiqliyini bir daha təsdiq edirəm. Sionist rejim və ABŞ tərəfindən başladılan bu müharibəni sona çatdırmağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminat ödənilməsi və gələcəkdə ortaya çıxa biləcək təcavüzə qarşı güclü beynəlxalq zəmanətlərdir".
İsrail və ABŞ-nin 28 fevraldan bəri İrana qarşı davam etdirdikləri birgə hücumdan sonra regional gərginlik ciddi şəkildə artıb. İran rəsmilərinin verdiyi məlumata görə, bu hücumlarda indiyədək İranın keçmiş Ali Lideri Əli Xamenei də daxil olmaqla 1 300-dən çox insan ölüb, 10 mindən çox insan isə yaralanıb.
Tehran buna cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar həyata keçirib.
İran həmçinin dünya neftinin təxminən 20 faizini dünya bazarlarına daşıyan həyati əhəmiyyətli Hörmüz boğazını da faktiki olaraq bağlayıb.
ABŞ bazalarına dəyən ziyan
“New York Times”ın martın 11-də dərc etdiyi analizə görə, Yaxın Şərqdəki ən azı 17 ABŞ hərbi, diplomatik və hava hücumundan müdafiə obyekti İranın PUA və raket zərbələri nəticəsində zərər görüb.
Zədələnən obyektlərin ən azı 11-nin hərbi baza və ya qurğu olduğu, bu müəssisələrin bölgədəki ümumi Amerika varlığının demək olar ki, yarısını təşkil etdiyi bildirilib.
Hava hücumundan müdafiə sistemləri ən maliyyətli itkilər arasında yer alıb; peyk görüntüləri Qətərin Umm Dahal şəhəri yaxınlığında yerləşən və 4 800 kilometr radiusda əhatə dairəsi təmin etmək üçün nəzərdə tutulmuş 1,1 milyard dollarlıq erkən xəbərdarlıq radarının zədələndiyini göstərir.
Analizə görə, İran həmçinin THAAD kimi tanınan Terminal Yüksək Hündürlük Sahə Müdafiə sisteminin komponentlərinə də hücum edib.
“New York Times” bir konqres rəsmisinin açıqlamalarına istinadən yazıb ki, Pentaqon 28 fevralda Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma qərargahına dəyən ziyanın təxminən 200 milyon dollar civarında olduğunu qiymətləndirir.
İran həmçinin ABŞ-nin diplomatik nümayəndəliklərini də hədəf alaraq Dubaydakı ABŞ konsulluğunun, eləcə də Küveyt və Ər-Riyaddakı səfirliklərin müvəqqəti bağlanmasına səbəb olub. Həmin bu hücumlarda xəsarət alan olmayıb.
ABŞ rəsmiləri “New York Times”a bildiriblər ki, hücumlar İranın bu müharibəyə Tramp administrasiyasındakı bir çox insanın təxmin etdiyindən daha hazırlıqlı olduğunu göstərir.
Zəiflətmə müharibəsi
İran İnqilabı Keşikçiləri Korpusu münaqişənin 12-ci günündə ABŞ və İsrail maraqları ilə əlaqəli olduğunu düşündüyü "iqtisadi mərkəzləri və bankları" hədəf alacağını bəyan edib. Bu inkişaf daha çox beynəlxalq firmanın öz işçilərini Dubaydan təxliyə etməsinə səbəb olub.
İnqilab Keşikçiləri Baş Komandanının müşaviri Əli Fadavi dövlət televiziyasına verdiyi açıqlamada ABŞ və İsrailin "bütün Amerika iqtisadiyyatını və dünya iqtisadiyyatını məhv edəcək uzunmüddətli zəiflətmə müharibəsinə girmə ehtimalını nəzərə almalı olduqlarını" deyib.
İran həmçinin Körfəzdəki iki gəmiyə İran donanmasının "xəbərdarlıqlarına məhəl qoymayaraq" Hörmüz boğazına daxil olduqları üçün hücum etdiyini bildirib.















