D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"

ABŞ-ın Kariblərdəki hərbi varlığı gərginliyin yüksəlməsinə səbəb olmaqdadır

D.Tramp: "N.Maduro hökumətinin vaxtına az qalıb"

“CBS News” telekanalına müsahibə verən ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdə qalma müddətinə sayılı günlər qalıb.

Prezident D.Tramp quru əməliyyatları ehtimalı barədə suala isə konkret cavab verməyib: “Mən belə bir addımı atacağımı düşünmürəm”, – deyə qeyd edib, lakin əlavə təfərrüat açıqlamayıb. Bununla belə, D.Tramp Venesuelaya qarşı müharibə ehtimalını istisna edib.

D.Tramp oktyabrın 31-də jurnalistlərə açıqlamasında, mediada yer alan “Venesueladakı hərbi obyektlərə yaxın zamanda hücum edilə bilər” iddialarını təkzib edərək, bu məsələ ilə bağlı hər hansı qərar qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Amerikanın bəzi media qurumları D.Tramp administrasiyasının “narko-terrorizmə qarşı mübarizə” adı altında Venesueladakı hərbi obyektlərə hücum planlaşdırdığını və bu hücumların istənilən anda baş tuta biləcəyini iddia edib.

Rəsmi Vaşinqton N.Maduronu Cənubi Amerikada fəaliyyət göstərən “Cartel de los Soles” adlı cinayətkar qrupun rəhbəri olmaqda ittiham edib. Bu ilin iyul ayında ABŞ hökuməti həmin qruplaşmanı “Xüsusi Təyin Edilmiş Qlobal Terror Təşkilatı” (SDGT) kimi tanıyıb.

Bildirilir ki, sentyabrın əvvəlindən etibarən, əsasən Karib dənizi və Şərqi Sakit okean bölgələrində təxminən 14 hücum həyata keçirilib, bu əməliyyatlar nəticəsində 64-dən çox insan həlak olub.

Hüquq müdafiə təşkilatları və beynəlxalq hüquq üzrə ekspertlər bu əməliyyatların qanuniliyini şübhəli sayaraq, ABŞ-ın narkotik daşıdığı iddia edilən gəmilərə qarşı həyata keçirdiyi hücumların beynəlxalq hüququ pozduğunu bildiriblər.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk bu hücumları “qəbuledilməz” adlandıraraq, “məhkəməsiz edamlar” kimi qiymətləndirilən bu hadisələr üzrə müstəqil istintaqın aparılması çağırışını edib.

Venesuela prezidenti Nikolas Maduro isə rəsmi Vaşinqtonu ölkəsinə qarşı “saxta müharibə ssenarisi” uydurmaqda ittiham edib. O, ABŞ-ın irəli sürdüyü iddiaları “tamamilə yalan” adlandırıb.

N.Maduro əlavə edib ki, Venesuela “narkotik istehsal etmir” və ABŞ-ın ölkə sahillərindəki hərbi varlığı yeni bir müharibə planının göstəricisidir.