Özəl televiziya kanallarından birində müsahibə verən xarici işlər naziri Hakan Fidan dünya miqyasında universitet şəhərciklərindən tutmuş qəzetlərə qədər hər yerdə İsrailə qarşı düşmənçiliyin artdığını diqqətə çatdıraraq deyib: "Bu adamlar hamının gözü qarşısında qətliam törədirlər. Hər yerdə açıq-aşkar sabitliyi pozan rol oynayırlar. Əvvəllər bu dərəcədə sabitliyi pozan addımlarını bir-iki bəsit media həmləsi ilə gizlədə bilirdilər. İndi isə bunu gizlədə bilmirlər.
Tel-Əviv rəhbərliyi zədələnmiş imicini dəyişmək məqsədilə yeni bir düşmən axtarışındadır. İsrail və ya hər hansı bir aktor, milli, regional maraqlarımızla toqquşduğu müddətcə kimsədən qorxacaq, çəkinəcək, geri addım atacaq halımız yoxdur. Bizim üçün heç bir problem də yoxdur. Heç nə problem deyil. Problem nədir? Problem ondadır ki, İsrail təkcə mənim yox, bütün dünyanın problemidir”.
Hakan Fidan İsrailin təkcə Türkiyənin deyil, bütün beynəlxalq birliyin ortaq probleminə çevrildiyini vurğulayaraq sözlərini belə davam etdirib:
"Bu adamlar artıq bəşəriyyətin daşıya bilmədiyi bir yükə çevriliblər. Bu siyasətləri ilə, bu düşüncələri ilə bəşəriyyət bunu daşıya bilmir. İnsanlıq vicdanı bunu daşıya bilmir; siyasi sistemlər, iqtisadi sistemlər də eləcə. Hansı sistemdən yanaşsanız da, bu adamları daşıyacaq bir parametr yoxdur. Ona görə də bizdən soruşduqda beynəlxalq birliyə həmişə deyirik ki, 'bunu niyə təkcə mənim problemim edirsiniz?' Mən buna qarşı çıxan, yüksək səslə danışa bilən tək ölkə ola bilərəm, amma bu problem hamınızın problemidir. Əgər hamınızın problemini sizin aranızda təkbaşına mənim həll etməyimi istəyirsinizsə, onda hər kəs gələcək, məsuliyyəti bölüşəcək, diplomatik mövqeyini ortaya qoyacaq və o adamlara qarşı lazımi sanksiyaları tətbiq edəcək".
Bu çərçivədə Türkiyənin İsrail ilə təxminən 10 milyard dollarlıq ticarət dövriyyəsini dayandırmaq qərarına gəldiyini xatırladan Fidan bu addımın İsrail iqtisadiyyatını birbaşa çökdürməkdən çox güclü bir siyasi mesaj vermək məqsədi daşıdığını vurğulayıb.
Nazir Fidan Avropa ölkələrinin tarixdə ilk dəfə İsrailə silah satışına məhdudiyyət qoyduğuna diqqət çəkərək bu fikirləri ifadə edib:
"Bu, ilk dəfə baş verir. Yəhudi soyqırımı səbəbindən İsrail Avropanın vicdanında bir yük kimi idi və İsrail də bundan sonuna qədər sui-istifadə etdi. Buna görə də İsrailə qarşı sonsuz tolerant var idi. İndi o tolerantllılığın aradan qalxdığını görürük. İsraildəki radikal siyasətçilərə, xüsusilə İordan çayının qərb sahilində yürütdükləri siyasətə görə artıq səfər qadağaları qoyulur, həbs qərarları verilir. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun və ətrafındakıların həbsi barədə qərar qəbul etdi. Yəni bəşəriyyət, beynəlxalq birlik əslində müəyyən mənada əlindən gələni edir".
Avropa İttifaqı (Aİ) daxilində də İsrailə qarşı daha sərt mövqe nümayiş etdirilməsi barədə ciddi müzakirələrin getdiyinə işarə edən Hakan Fidan onu da deyib ki, bundan sonra işlərinin bu qədər asan olacağını düşünmürəm. Artıq bu qədər rahat hərəkət edə biləcək vəziyyətdə deyillər. Gələ biləcəkləri yolun sonuna çatdılar. İsrail öz ayağına atəş açdı. Biz hamımız bunu deyirik. Və Netanyahu öz ictimaiyyətinə edə biləcəyi ən böyük pisliyi də etdi.




















