Rəsmi Ankara İsraildə saxlanılan "CNN Türk" müxbiri və operatorunun dərhal azad edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi ‘‘NSosyal’’ sosial media hesabında etdiyi paylaşımda deyib: "Həqiqəti gizlətmək istəyən İsrailin mətbuata qarşı növbəti hücumu ilə qarşı-qarşıyayıq. Jurnalist həmkarlarımızın dərhal azadlığa buraxılması üçün lazımi addımları atır və prosesi həssaslıqla izləyirik’’.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik də müxbir Emrah Çakmak və operator Halil Kahramanın İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasını "mətbuat azadlığına hücum" adlandırıb. Çelik bu addımın qəbuledilməz olduğunu vurğulayaraq, jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib və məsələnin yaxından izlənildiyini qeyd edib.
"CNN Türk"ün məlumatına görə, çəkiliş qrupu İranın raket zərbələrindən sonra Tel-Əvivdən canlı yayım hazırlayarkən saxlanılıb. Jurnalistlər hadisə yerini çəkərkən təhlükəsizlik əməkdaşları onlara yaxınlaşaraq yayımı dayandırmağı tələb ediblər. Canlı yayım görüntülərində siqnal kəsilməzdən əvvəl polis əməkdaşlarının onlara müdaxilə etdiyi aydın görünür.
Telekanal jurnalistlərin saxlanılmasını və mobil telefonlarının müsadirə olunmasını "qanunsuz müdaxilə" kimi qiymətləndirib.














