“Airbus” şirkətinə məxsus A320 təyyarələri texniki baxışa göndərilir
A320 seriyasının panellərindəki texniki problem səbəbindən şirkətin 2025-ci il üçün təhvil planı ləngiməktədir
“Airbus” şirkəti orta məsafəli “A320” ailəsinə məxsus təyyarələrin uçuş idarəetmə sistemində aşkarlanan proqram təminatı boşluğu səbəbindən gələn il üçün nəzərdə tutulan təhvil sayını aşağı salıb. Beləliklə də, 2025-ci il üçün təxminən 790 təyyarə təhvil veriləcəyi açıqlanıb.
Bildirilir ki, şirkət bundan əvvəl cari il üzrə təhvil planının 820 ədəd səviyyəsində olacağını bildirmişdi.
“Reuters” xəbər agentliyinin əldə etdiyi sənədlərə görə, “Airbus” şirkətinin mühəndisləri A320 seriyasına məxsus təyyarələrdə uçuş idarəetmə sistemində daha geniş qüsurlar müəyyən edib və yüzlərlə təyyarə bu səbəbdən əlavə texniki yoxlamadan keçiriləcək.
Sənəddə qeyd olunur ki, qısa müddət əvvəl bəzi təyyarələrin ön hissəsində metal panellərlə bağlı aşkarlanan keyfiyyət problemi səbəbindən ümumilikdə 628 hava gəmisinə baxış tələb olunur. Bu rəqəmə uçuşda olan 168 təyyarə də daxildir.
Məlumata əsasən, bu göstərici həmçinin istehsal xəttində olan 245 təyyarəni də əhatə edir. Sənaye nümayəndələrinin bildirdiyinə görə, həmin təyyarələrin təxminən 100-ü ilin sonunadək aviaşirkətlərə təhvil verilə bilər. Daha 215 təyyarə isə istehsal prosesinin ilkin mərhələsində əsas komponentlərin yığıldığı seqmentdədir.
Məsələ ilə bağlı “Airbus” şirkətinin rəsmi açıqlamasında deyilir: “Mümkün təsir dairəsi həm istehsalatda olan, həm də uçuşda istifadə edilən hava nəqliyyat vasitələrini əhatə edir”. Şirkət isə dəqiq rəqəmləri təsdiqləməkdən yayınır.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” tərəfindən yayımlanan məlumatlarda bu göstəricilərin yoxlamaya cəlb olunacaq təyyarələrin ümumi sayı olduğu bildirilirdi. Aviaşirkətlərin yaxın günlərdə texniki təlimat alacağı gözlənilir.