Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsinin qalıqları Türkiyəyə gətirilib.
Hadisədən sonra dərhal yaradılan və bölgəyə göndərilən qəza araşdırma qrupu işini davam etdirir. Ərazidə aparılan ətraflı araşdırmalardan sonra təyyarənin qalıqları diqqətlə yük maşınlarına yüklənərək Türkiyəyə göndərilib. “C-130” təyyarəsinə aid qalıqların böyük hissəsi artıq ölkəyə çatdırılıb.
Qalıqlar Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar İdarəsinə tabe olan Kayseridəki 2-ci Hava Təmiri Zavodu Müdirliyində araşdırılacaq.
Bu arada təyyarənin qara qutusunun deşifrəsinə başlanılıb. Hadisənin səbəbinin həm yerində aparılan araşdırmalar, həm də qara qutunun təhlili nəticəsində müəyyənləşdirilməsi gözlənilir. Qəza araşdırma qrupunun həftəsonuna qədər qəza yerində işini davam etdirəcəyi bildirilib.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” təyyarəsi noyabrın 11-də Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb və nəticədə 20 nəfər həlak olub.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra Milli Müdafiə Naziri Yaşar Gülər jurnalistlərə bildirib ki, uçuş qeyd cihazlarının deşifrə edilməsi və ilkin nəticələrin əldə olunması ən azı iki ay çəkəcək.
Nazir deyib: “İlkin tapıntılara görə, ehtimal edilir ki, əvvəlcə quyruq hissəsi qırılıb. Daha sonra təyyarə üç hissəyə bölünüb. Qara qutu hazırda Türk Aerokosmik Sənayesi (TAI) tərəfindən araşdırılır’’.























